Xəbərlər
YAP xalqın partiyası olduğunu təsdiqləyib
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonunun Xarxar və Zəhmətkənd kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, yarandığı gündən YAP siyasi mübarizələrlə zəngin yol keçib. R.Nağıyev diqqətə çatdırıb ki, məhz partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir.
Daha sonra çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Onun sözlərinə görə, platformada qazanılan nailiyyətlərlə yanaşı, mühüm prioritet və hədəflərdən irəli gələn vəzifələr öz əksini tapıb. Deputatlığa namizəd bildirib ki, YAP-ın qarşıdan gələn parlament seçkiləri ilə bağlı seçki proqramı da çox zəngin və fundamental siyasi, iqtisadi, sosial prinsiplərə əsaslanır. Partiyamızın seçki prosesində apardığı işlər çox çevik, müasir, mütəşəkkildir.
Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirlərdə, həmçinin təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Tural Topçuyev, Raifə Musayeva və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Bütün bu fundamental siyasi və iqtisadi əsaslar YAP-ın seçkilərdə qələbəsini təmin edir.
Görüşdə çıxış edən seçicilər uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Xarxar və Zəhmətkənd kəndlərində fərdi görüşlər də keçirib.