YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji əlaqələrin möhkəmlənməsinə mühüm töhfə

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Cari ilin 9 avqust tarixində Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak etdi. Azərbaycanın bu görüşə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf edən əməkdaşlıqdan xəbər verir. Bu tədbir Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı strateji əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdi.

Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfər etmişdir. Eyni dövrdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçıları Azərbaycana ümumilikdə 15 dəfə rəsmi səfər ediblər. Bu sıx münasibətlər, xalqlarımızı birləşdirən çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlərə əsaslanır. Bu qarşılıqlı əlaqələr artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regionun yaranmasına xidmət edir.

Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin dərinləşdirilməsində qardaşlıq münasibətləri mühüm rol oynayır. Qarabağın Ermənistanın işğalından azad edilməsindən sonra bu ərazilərin bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi dəstək qardaşlıq münasibətlərimizin gözəl nümunəsidir. Məsələn, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Bu cür layihələr əməkdaşlığın dərinliyini göstərir.

Prezident İlham Əliyev həmçinin Ermənistanın təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsinin məhv edildiyini və hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığını vurğuladı. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir və bu proses Azərbaycanın regiondakı liderliyinin mühüm bir hissəsidir.

Müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlıq gücləndirilir. Ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimləri ölkələrimiz arasında müdafiə sahəsində əlaqələrin nə qədər mühüm olduğunu bir daha göstərdi. Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil alması isə bu əməkdaşlığın önəmli göstəricilərindən biridir.

Enerji, nəqliyyat və rəqəmsal sahələrdə də Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Azərbaycanın bərpaolunan enerji sahəsindəki əməkdaşlığı, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi və “Rəqəmsal İpək Yolu” layihəsi bu istiqamətdə atılan mühüm addımlardır. Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransı isə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqlim dəyişiklikləri ilə mübarizədə yeni bir əməkdaşlıq platforması yaratmaq məqsədi daşıyır.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inkişaf edən münasibətlər hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir və gələcəkdə daha geniş miqyasda əməkdaşlığa əsas yaradır.