Xəbərlər
Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfər edib.
Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak edən Prezident İlham Əliyev də çıxışında Azərbaycanın bu görüşlərə dəvət olunmasının ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlığın mahiyyətindən xəbər verdiyini qeyd edib. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri, o cümlədən də türk dövlətləri ilə ciddi əlaqələr qurur. Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizingenişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir.
Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşünd son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini xatırladaraq bildirib: "Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər".
Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı mühüm əhəmiyyət kəsb edir. Bu, dövlətimizin başçısının dünyadakı böyük nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin əyani nümunəsidir. Ümumiyyətlə, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcəkdir.