YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir xalqın mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir” fikirləri özündə mühüm məqamları ehtiva edir. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək azərbaycançılıq ideologiyasının təbliğinin və inkişaf etdirilməsinin prioritetliyi diqqətdən kənarda qalmır. Azərbaycançılığın mühüm tərkib hissələrindən biri də Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etməsidir. Bu reallıq inkaredilməzdir ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin  prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin  Azərbaycan Respublikasının dövlət dili olması haqqında 73-cü maddə  daxil edildi.  Belə ki, 70-ci illərin ortalarından başlayaraq keçmiş İttifaq respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki,  o dövrdə milli dilə Konstitusiya səviyyəsində  dövlət dili statusu vermiş üç keçmiş sovet respublikasından biri Azərbaycan oldu: “Bu, uzaqgörən tarixi addım Ulu Öndər Heydər Əliyevin ana dilinə dövlətçilik münasibətinin  və siyasi qətiyyətinin  parlaq ifadəsi idi. Ümummilli Liderin 1970-1980-ci illərdə milli dil sahəsində apardığı  fəal siyasət Azərbaycanda  milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirdi, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik  qazanmağa hazırladı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Malik Həsənov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni tarixi şəraitə uyğun olaraq Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı siyasi, eyni zamanda, praktiki baxımından fərqləndi: “Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində  Azərbaycan dili daim dövlətlərarası münasibətlərdə, diplomatik danışıqlarda istifadə edildi, dahi şəxsiyyətin öz ana dilinə məhəbbəti, bağlılığı hər bir addımında  özünün aydın ifadəsini tapdı. Atılan hər bir addım Ümummilli Lider Heydər Əliyevin Vətən, torpaq, xalq sevgisinin təcəssümü idi. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti  onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrilib. Bu fikri daim böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, səsləndirdiyi çağırışlar da bunun təsdiqidir. Ümummilli Lider bildirmişdir ki, xalqı xalq, milləti millət edən onun ana dilidir.”

Millət vəkili bu məqamı da xüsusi qeyd edib ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür: “Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.  Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına  əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.”

Malik Həsənov  son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı, saflığının təmin edilməsi istiqamətində atdığı addımlara da diqqəti  yönəldib: “Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü ildə imzaladığı  Sərəncam  ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlətimizin başçısının  2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.”

Millət vəkili  belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi  tanınıb və nüfuz qazanır: “Xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqi olan tarixi Zəfərimizin reallıqları fonunda qarşımızda mühüm vəzifələr dayanır. Gənclərimiz hər zaman vətənpərvərlik ruhunda tərbiyə olunmalı, tarixini, dilini, milli-mənəvi dəyərlərimizi təbliğ və inkişaf etdirməlidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, birliyimiz,  həmrəyliyimiz cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz.”

DİGƏR Xəbərlər Arxiv