Xəbərlər
Güclü siyasi iradə - əldə edilən böyük uğurlar
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ermənistanın mina terroru nəticəsində 2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, Ermənistanın ölkəmizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra – Azərbaycanın Laçın dəhlizi üzərində nəzarətinin olmadığı dövrdə Ermənistandan mina daşınırdı və onlar orada basdırılırdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar Azərbaycana qarşı mina terroru həyata keçirirdilər.
Media Forumunun açılış mərasimində ölkə başçısı bildirdi ki, azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan eyni regiondur. Onlar yaşıl enerji zonaları elan edilib. Günəş elektrik enerjisi baxımından burada çox böyük potensial var.Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaqdır. Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planlar var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra hidroelektrik enerjisi sahəsinə vəsait yatırılıb. Bu üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir.
Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində həmçinin qeyd etdi ki, 2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayanda qarşıya konkret hədəf qoyulub. Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq öhdəlik deyil, bu, ölkəmizin hədəfidir. Azərbaycan bu hədəfə doğru irəliləyir. 2021-ci ildə ölkəmiz Avropaya 8 milyard kubmetr qaz nəql edirdi. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın həcmdə nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaqdır. 2027-ci ildə Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıdır. Bu resursların Avropaya mövcud şəbəkə - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır.
Ölkə başçısı 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində enerji layihələri haqqında danışarkən tarixə nəzər saldı və “Əsrin müqaviləsi”nin imzalnamsını tarixi qərar adlandırdı. Prezident İlham Əliyev xatırlatdı ki, “Əsrin müqaviləsi” imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı. Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt hər kəs bilirdi. Bu, ölkəmiz üçün bir nəfəs borusu, bir oksigen borusu idi. 1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında “Çıraq-1” platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi, daha sonra Ulu Öndər Bakı-Tbilisi-Ceyhanın təməlini qoydu. Bir sözlə, bütün bunlar o vaxt da, bu gün də görülən işlərin nə qədər uzunmüddətli olduğunu bir daha göstərir.