YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkinci Şuşa Qlobal Media Forumu – həqiqətə açılan pəncərə

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya  ilə   mübarizə komitəsinin sədri

Tarixə qısa bir nəzər saldığımız zaman hər bir dövrün özünəməxsus və qlobal əhəmiyyət daşıyan problemlərinin olduğunu görə bilərik. Şübhəsiz ki, müasir dövrümüzün başlıca problemlərindən biri – dezinformasiyadır.

Dezinformasiya – qəsdən yayılmış yanlış və ya yanıltıcı məlumat – müasir cəmiyyətlərdə ciddi problemlərə səbəb ola bilir. İnformasiya dövründə yaşadığımız üçün, məlumatın düzgünlüyü və etibarlılığı həyati əhəmiyyət daşıyır. Dezinformasiya insanların davranışlarına, inamlarına və qərarlarına təsir göstərməklə, sosial harmoniya və demokratik proseslərə təhlükə törədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qlobal problemə daima əhəmiyyət vermiş və onun həlli yolunda effektli tədbirlər görmüşdür. Dövlət başçımızın təşəbbüsü ilə bu il artıq ikinci dəfədir ki, Azərbaycanın dilbər guşəsi Şuşa şəhərində keçirilən Qlobal Media Forumu görülən tədbirlərə ən bariz nümunədir. Belə ki, 2024-cü ilin 20 iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilmişdir. Beynəlxalq media və informasiya təhlükəsizliyi məsələlərini müzakirə etmək və dezinformasiyaya qarşı mübarizənin vacibliyini vurğulamaq məqsədilə keçirilən bu Forumda 50 – ə yaxın ölkə, 150 –dən çox xarici qonaq, 30 – a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu iştirak etmişdir.

Dövlət başçısı Şuşada keçirilən  Qlobal Media Forumunun açılışında çıxış etmiş və çıxışı çərçivəsində  dezinformasiyanın qlobal səviyyədə yaratdığı problemlərə diqqət çəkərək bu məsələnin ciddi mübarizə tələb etdiyini vurğulamışdır. O, çıxışında Azərbaycanın son illərdə qarşılaşdığı dezinformasiya kampaniyalarına və bu kampaniyaların ölkənin imicinə və təhlükəsizliyinə göstərdiyi təsirlərə xüsusi diqqət yetirmişdir.  

Uzun illərdən bəridir Azərbaycan beynəlxalq mediada tez-tez yanlış təqdim olunur və bu yanlış təqdimat Azərbaycan – Ermənistan konfliktinin, xüsusilə Qarabağ bölgəsində baş verən  münaqişənin işıqlandırılmasında, beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv şəkildə çatdırılmasında problemlər yaradır. İşğal edilmiş,əraziləri tamamilə dağıdılan, vətəndaşları doğma torpaqlarından didərgin düşən tərəf olmasına baxmayaraq, Azərbaycana  qarşı 1992 – ci ildə ABŞ başda olmaqla bir çox dövlətlər beynəlxalq sanksiyalar tətbiq etmişdir.

Azərbayan Respublikasının Prezidenti bütün bu dezinformasiyalarla mübarizə aparmaq məqsədilə, müxtəlif prestijli qurumlardan olan jurnalistlərin ölkəmizə  dəvət olunmasından və bununla da dövlət quruculuğumuzdakı nailiyyətləri onlara nümayiş etdirdiyimizdən bəhs etdi.

Cənab Prezidentin çıxışı zamanı diqqət çəkdiyi digər bir məsələ isə, Azərbaycanın yeritdiyi uğurlu xarici siyasətlə bağlı oldu.  Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq üçün bir çox uğurlu islahatlar həyata keçirmişdir.  1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın neft strategiyası müəyyən edilmiş və “Əsrin müqaviləsi” imzalanmışdır. Bu müqavilə ilə Azərbaycan dünya neft bazarında yeni bir mövqe qazanmış və bunun nəticəsində xarici sərmayələrin ölkəyə axını başlanmışdır. Bu qərar Azərbaycanın iqtisadi inkişafına və enerji təhlükəsizliyinə mühüm töhfə verərək ölkənin geosiyasi əhəmiyyəti artırmış və beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasına səbəb olmuşdur.

1994-cü ilin sentyabrında imzalanan müqavilə qısa müddətdə parlament tərəfindən təsdiq edilmiş və qanun kimi qüvvəyə minmişdir. Bunun nəticəsində, 1997-ci ilin noyabrında “Çıraq-1” platformasından ilk neft çıxarılmışdır. Bu, Azərbaycanın neft sənayesində böyük bir dönüş nöqtəsi idi və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Bu uğurlar Azərbaycanın iqtisadiyyatına böyük təsir göstərdi və ölkənin maliyyə gücünü artırdı.

Ölkəmiz uzun müddət dezinformasiyadan əziyyət çəkən, haqq səsi eşidilməyən tərəf kimi mübarizə aparmalı olduğundan bu gün oxşar  situasiyalarda olan dövlətlərin yanında yer alaraq onlara dost dəstəyi göstərməyə davam edir. Dediklərimizin sübutu olaraq son günlərdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə ayrılan diqqəti xüsusilə vurğulaya bilərik. Dövlətimiz onlarla əməkdaşlıq edərək, bu ölkələrin inkişafına dəstək olmaq üçün müxtəlif iqtisadi və maliyyə yardımları göstərir.  

Cənab Prezident  Azərbaycanın beynəlxalq siyasətinin mühüm istiqamətlərinin birinin də  Afrika İttifaqının üzvü olan bir çox ölkələrlə iqtisadi, siyasi və mədəni sahələrdə fəal əməkdaşlıq əlaqələri olduğundan bəhs etmişdir. Belə ki, Azərbaycan artıq Efiopiyada səfirlik təsis etmişdir, bu da iki dövlətin əməkdaşlıq yolunda zəmin yaratmasına töhfə verəcəkdir. Beləliklə, bu tədbirlər  Azərbaycanın bu qitədəki nüfuzunu artırır və beynəlxalq arenada mövqeyini gücləndirir.

Azərbaycanın çoxmillətli cəmiyyəti onun əsas fəxr etdiyi amillərdən biridir. Ölkədə müxtəlif millətlər və dinlər arasında qarşılıqlı hörmət və tolerantlıq mövcuddur. Bu, Azərbaycanın beynəlxalq səviyyədə nümunəvi bir dövlət kimi tanınmasına səbəb olur. Azərbaycanın bu sahədə həyata keçirdiyi düzgün siyasət və humanitar təşəbbüslər beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Prezidentin toxunduğu digər maraqlı məqam isə yaxın günlərdə keçiriləcək irimiqyaslı tədbirlərlə bağlı idi. Belə ki, Azərbaycanın təşəbbüsü, Birləşmiş Ərəb Əmirlikləri və Braziliyanın dəstəyi ilə “Troyka”nın təsis edilməsi ideyası günümüzün beynəlxalq səviyyəli ən mühüm mütərəqqi yeniliklərindəndir. Bu platforma, iqtisadi-siyasi əməkdaşlığı gücləndirmək üçün bir vasitə kimi nəzərdə tutulur və Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakının göstəricisidir

Azərbaycanın xarici siyasəti çərçivəsində ətraf mühitin qorunması və karbon tullantılarının azaldılması da mühüm yer tutur. Böyük ölkələrə bu sahədə məsuliyyətlərini yerinə yetirmək üçün çağırışlar edir və qlobal miqyasda ekoloji problemlərin həllində fəal iştirak edir. Azərbaycanın bu sahədəki təşəbbüsləri və səyləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Eyni zamanda Azərbaycan "OPEC+" formatında da fəal iştirak edir və bu təşkilatın üzvü olaraq, neft istehsalçısı olan ölkələrlə əməkdaşlığı gücləndirir. Bu, ölkənin neft siyasətinin uğurla həyata keçirilməsinə və qlobal enerji bazarlarında mövqeyinin möhkəmlənməsinə töhfə verir. Azərbaycanın "OPEC+" formatındakı iştirakı, həm də ölkənin qlobal enerji siyasətində aktiv rol oynadığını göstərir.

Şuşada gedən müzakirələr zamanı işıqlandırılan mövzulardan biri də Şimali Kiprlə bağlı verilən suallara aydınlıq gətirilməsi məsələsi idi. Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusuna malikdir və Zirvə görüşlərində bu statusla iştirak edir. Bu, Azərbaycan və digər Türk dövlətlərinin Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyinin bir göstəricisidir və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu əməkdaşlıq Türk dünyasının birliyini və həmrəyliyini möhkəmləndirir.

Cənab Prezident çıxışında Türk Dövlətləri Birliyindən də bəhs edərək bildirmişdi ki, təşkilatın məqsədi, üzv ölkələrin siyasi, iqtisadi və mədəni əlaqələrini gücləndirmək və bu ölkələr arasında daha sıx əməkdaşlıq yaratmaqdan ibarətdir. Təşkilatın əhatə etdiyi coğrafiya çox genişdir və zəngin təbii resurslara malikdir. Bu resurslar, neft və qaz kimi enerji mənbələrindən tutmuş, kənd təsərrüfatı məhsullarına qədər geniş bir sferanı əhatə edir. Təşkilatın inkişafında nəqliyyat yollarının rolu böyükdür. Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji yollar, ticarət və logistika baxımından əhəmiyyətlidir.  Gənc və artan əhali də təşkilatın böyük bir üstünlüyüdür. Gənc əhali, innovasiya və texnologiyanın inkişafı üçün böyük potensial təşkil edir. Təhsilə və texnoloji inkişaflara edilən yatırımlar, təşkilatın gələcəkdə güclü bir iqtisadi mərkəzə çevrilməsinə kömək edəcək. Türk Dövlətləri Təşkilatının gələcəyi, birlik və əməkdaşlıq ruhuna bağlıdır. Üzv ölkələrin birliyi, təşkilatın beynəlxalq səhnədə daha güclü olmasını təmin edəcək. Bu birlik, həm siyasi, həm də iqtisadi baxımdan təşkilatın nüfuzunu artıracaq.

Təşkilatın potensialını tam şəkildə həyata keçirmək üçün birlikdə çalışmaq və ortaq səylər göstərməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güclü bir mərkəzə çevirmək mümkündür.

Azərbaycanın xarici siyasəti, beynəlxalq arenada mövqeyinin gücləndirilməsi, iqtisadi inkişafının təmin edilməsi və regional təhlükəsizliyin qorunması istiqamətində fəal və çoxşaxəli strategiyaya əsaslanır. Ölkə, enerji resurslarının səmərəli istifadəsi və qlobal bazarlara çıxışının təmin edilməsi ilə yanaşı, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirir.Eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı və digər ölkələrlə strateji tərəfdaşlıq əlaqələri qurması, ölkənin qlobal siyasətdə rolunu artırır. Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi layihələr, onun beynəlxalq arenada nüfuzunun artmasına və dünya miqyasında tanınmasına səbəb olur.

 Bu gün Azərbaycanın xarici siyasətində enerji təhlükəsizliyi, regional əməkdaşlıq və beynəlxalq təşkilatlarda fəal iştirak kimi məsələlər ön planda durur. Bu strategiya, Azərbaycanın gələcək inkişafına və beynəlxalq aləmdə daha güclü mövqeyə sahib olmasına xidmət edir.

Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı məsələlərdən biri də dövlətmizin bərpaolunan enerji sektorundakı böyük naliyyətləri olmuşdur. Belə ki, Azərbaycanda, 230 meqavat gücündəki ən böyük Günəş Elektrik Stansiyasını istifadəyə verilib və 240 meqavatlıq külək elektrik stansiyasının inşası üzrə işləri tamamlanmaqdadır. Yeni Günəş Elektrik Stansiyasının açılışı da yaxın vaxtlarda gözlənilir. İlk layihə "Masdar" şirkəti tərəfindən, ikinci layihə isə "Acwa Power" tərəfindən həyata keçirilir. Üçüncü layihə BP tərəfindən inşa olunacaq.

Bu inkişaflar Azərbaycanın bərpa olunan enerji potensialının böyük olduğunu göstərir. Ölkə həm texniki, həm də iqtisadi baxımdan böyük potensiala malikdir. Xəzər dənizində külək enerjisi potensialı 157 giqavatdır, quru üzərində Günəş və külək elektrik stansiyaları üzrə potensial isə  27 giqavat təşkil edir. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, bu potensialın istifadəsi Azərbaycanın iqtisadiyyatına mühüm təsir göstərəcəkdir.

Bundan əlavə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan eyni region olaraq yaşıl enerji zonası elan edilib. Bu bölgələr günəş elektrik enerjisi baxımından böyük potensiala malikdir. Yaşıl enerji zonaları olaraq elan edilməsi, ərazilərin iqtisadi inkişafı və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədəki təşəbbüsləri, ölkənin enerjidə özünü təmin etməsi və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçidinə böyük töhfə verəcəkdir.

Bütün bu görülən tədbirlər COP 29 –a hazırlıq kontekstində Azərbaycanın bu sahədəki inkişafını  və xüsusi əhəmiyyət kəsb edən planlarını bir daha göstərir.

Əminliklə qeyd edə bilərik ki,  ölkəmiz bu mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, ekoloji gündəliyə sadiqliyini bir daha nümayiş etdirəcək və bununla da dünya siyasətində fəal və konstruktiv  mövqeyini yenidən  sübuta yetirmiş olacaqdır.