Xəbərlər
YAP Tərtər rayon təşkilatının 31 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, rayon təşkilatının 31 il ərzində keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, YAP Tərtər rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.
Partiya veteranı Zakir Bağırov, DAİM ərazi partiya təşkilatının sədri Mehman Babayev, Tərtər şəhər 5 saylı körpələr evi-uşaq bağçasının əməkdaşı Könül Qurbanova Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlı olduğunu deyiblər.
Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri, yüksək siyasi fəallığı ilə seçilən partiya üzvlərinə fəxri fərmanlar təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.