Xəbərlər
Şuşadan eşidilən Həqiqətlər
Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri
Daha bir beynəlxalq mühüm tədbirə ev sahibliyi etdik. Möhtəşəm, olduqca aktual və dünya mediasının həvəslə yayımladığı mükəmməl bir tədbir keçirildi. Azərbaycanın söz, sənət, igidlik və siyasi qətiyyət nümunəsi olan gözəl Şuşamızda baş tutdu bu gözəl tədbir. Təkcə onu qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 80-dən artıq media qurumunun qatıldığı İkinci Şuşa Qlobal Media Forumu ilk növbədə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynadı. Rusiyanın aparıcı informasiya beyin mərkəzləri, Türkiyə, İran, Pakistan, habelə Avropanın aparıcı media oqranlarının nüfuzlu şəxslər Şuşada həm də Azərbaycan həqiqətlərinə şahidlik edirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin bu qlobal Foruma qatılması, ən aktual və gündəmdə mühüm yer tutan məsələlər barədə açıq, konstruktiv müzakirələrdə fəal iştirak etməsi, dünya mediasının önəmli simalarının suallarına təmkinli və aydın cavab verməsi bu beynəlxalq tədbirin əhəmiyyətini birə min artırmış oldu.
Ölkə başçısının çıxışında səsləndirdiyi fikirlərə dünyanın müxtəlif aparıcı media qurumlarının geniş yer verməsi də bunun bariz sübutudur. Məlumdur ki, ölkə başçısının çıxışları hər zaman özündə müxtəlif dairələrə ünvanlanmış mesajlarla zəngin olur. Bu dəfə də dövlət başçısının çıxışı özündə ikili standartlara əsaslanan siyasət həyata keçirən dövlət və qurumlara konkret mesajları ehtiva etmiş oldu. Prezident qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar əsasən Qərbdən qaynaqlanır və bu cür yanaşma artıq gündəlik həyatımıza çevrilir. Amma vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.
Prezident çıxışında ənənəvi olaraq 30 illik işğal və 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bütün ərazilərimizdə tam bərpa edilməsinə də toxundu. Prezident bir məqamı da xüsusi qeyd etdi ki, "insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi".
Bundan başqa, Forumda jurnalistlərin suallarını cavablandıran dövlətimizin başçısı ölkəmizə qarşı aparılan yalan və böhtan kampaniyalarının mahiyyətini tam dəqiqliklə ifadə edib. Dövlətimizin başçısı bildirib ki, biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. SİTAT: “Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.
Azərbaycan Prezidenti məhz Şuşada diqqətə çatdırıb və xatırladıb ki, hətta ABŞ-ın keçmiş prezidenti, hazırda isə noyabrda keçiriləcək prezident seçkilərində namizəd olan Donald Trampın da məhz ona ünvanlanan yalan və açıq-aydın dezinformasiya axını ilə üzləşdiyini etiraf edib. Bu o deməkdir ki, həmin ölkədə, ABŞ-da yalanın az qala ayaq tutub yeridiyini məhz ABŞ siyasi liderinin etiraf etdiyini ölkə rəhbərimiz qətiyyətlə xatırlatmaqla həm də gerçək reallıqları ortaya qoyub. “Tramp Washington Post və New York Times qəzetlərini saxta xəbər mənbələri adlandırıb. Mən onunla tamamilə razıyam - təkcə bununla deyil, digər bəyanatlarla da”, deyə Azərbaycan Prezidentinin vurğulaması çox qətiyyətli addımdır və bütün dünya ictimaiyyəti bunu yaxşıca müşahidə etmiş oldu.
Forumda toxunulan daha bir önəmli məqama diqqət edək. Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərildi. Xüsusilə ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlar, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərimizdən olduğu geniş müzakirə edildi. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq.
Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli faktorudur. Dövlətimizin başçısı bildirdi ki, atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Forumda eyni zamanda tədbir iştirakçılarına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən dayanıqlı yanaşma barədə geniş məlumat verildi. Belə bir istək ifadə edildi ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun. Bu bir tarixi həqiqətdir ki, ölkəmiz hər zaman dövlətlər, xalqlar arasında körpü rolunu oynayıb. Bu gözəl missiya bu gün də uğurla davam edir. Həm də Şuşadan eşidilən Azərbaycan həqiqətləri fonunda...