Xəbərlər
Azərbaycan ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndiyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Xarici siyasət uğurlarımızın davamı olaraq Azərbaycanın ev sahibliyi etdiyi tədbirləin də miqyası olduqca genişdir. Müxtəlif sahələri əhatə edən bu tədbirlərin keçirilməsi üçün paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin, xüsusilə də Qarabağın tacı, türk və islam dünyasının mədəniyyət paytaxtı Şuşanın seçilməsi qürurvericidir. Bu məkandan realllıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi əhəmiyyəti var. Şuşa artıq iki ildir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirir. İyulun 20-22 tarixlərində keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu başa çatsa da dövlət başçısı İlham Əliyevin çıxışı, tədbir iştirakçılarının suallarını cavablandırarkən səsləndirdiyi çağırışlar ölkə və dünya mətbuatında geniş müzakirə edilir.
Azərbaycanla bağlı dezinformasiyalardan və onların yaratdığı problemlərdən geniş bəhs edən cənab İlham Əliyev diqqəti bu reallıqlara yönəltdi ki, Azərbaycan etnik təmizləmənin, işğalın qurbanı olub. Bu hal 30 il davam edib. Ancaq ölkəmizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində Azərbaycan beynəlxalq sanksiyalara məruz qaldı. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edib. Bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman Azərbaycanın beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanı yox idi. Azərbaycan müstəqilliyini yeni bərpa etmiş ölkə idi. Ciddi səylər göstərməli idik: “Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur.”
Dövlətimizin başçısı belə görüşlərin, tədbirlərin keçirilməsinin həqiqətlərin təbliğində, beynəlxalq ictimaiyyətin dolğun məlumatlandırılmasında əhəmiyyətindən geniş bəhs etdi. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Bu platformalardan səmərəli istifadə edən ölkəmiz daim real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatı ilə diqqətdə olur. Cənab İlham Əliyevin çağırışlarında bu mühüm məqam xüsusi qeyd edildi ki, hadisələr obyektiv şəkildə cavablandırılmalıdır.
Üç saat davam edən Forumda Prezident İlham Əliyev iştirakçıların Azərbaycanda, regionda və dünyada baş verən hadisələrlə bağlı suallarını dolğun şəkildə çavablandırdı. Cənab İlham Əliyevin hər bir çıxışı günümüzün reallıqları, çağırışları ilə bağlı geniş məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Azərbaycanla və regionun gələcəyə ilə bağlı sualı cavablandırarkən bu məqamları xüsusi vurğuladı ki, sözsüz, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik. Yeni milli ideyanın, yaxud da ideyaların necə olmasından asılı olmayaraq, onlar geosiyasi konteksti nəzərə almadan mövcud ola bilməz. Bölgədə geosiyasi kontekst dramatik şəkildə dəyişmişdir. Hətta kiminsə təsəvvür etdiyindən daha kəskin dəyişmişdir. Hazırda Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil.
Dövlətimizin başçısı onu da qeyd etdi ki, Cənubi Qafqaz ölkələri - hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Çünki əsrlər boyu bizim ölkələrdə xalqlar bərabər yaşamışlar.
Hər bir çağırış gələcəklə bağlı aydın təsəvvür yaradır. Azərbaycan daim sabitlik, əməkdaşlıq məkanı kimi tanınıb və nüfuz qazanır. Azərbaycan tolerant ölkədir. Burada müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayır. Ölkəmizin yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunu şərtləndirir. Azərbaycan bu gün yeni körpülər qurur. Bütün bu reallıqlar dövlət başçısı İlham Əliyevin çıxışının əsasında dayandı. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin tərəfindədir və bu istiqamətdə mühüm addımları ilə diqqətdədir.