Xəbərlər
Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycanda ilk mətbu orqan olan “Əkinçi” qəzetinin əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulmuşdur. Məhz həmin gün – 22 iyul günü 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv edib.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycanın informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır. Belə ki, 2021-ci ildə qəbul olunmuş “Media haqqında” yeni Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Ölkəmizin şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı, həmçinin ondan sonrakı dövrlərdə haqq səsimizi dünyaya çatdırılmasında mətbuatımızın böyük rolu oldu. Çünki Azərbaycanda dünyanın ən qabaqcıl ölkələrinin əldə etdiyi nailiyyətlərlə rəqabət apara bilən coxşaxəli mətbuat və informasiya sistemi yaradılmış, bütün respublika ərazisini əhatə edən ən müasir teleradio, kütləvi informasiya şəbəkələri, milli jurnalistika elmi inkişaf etmişdir.