YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda sabitlik və inkişaf üçün əhəmiyyətli faktor

Daşqın Mikayılov

YAP Şəki rayon təşkilatının sədri

Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi, mədəni, iqtisadi və siyasi baxımdan güclü köklərə malik olmaqla dostluq və qardaşlıq ruhunda qurulmuşdur. Pakistan, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və həmin tarixdən etibarən iki ölkə arasında diplomatik əlaqələr qurulmuş, səfirliklər açılmış, ikitərəfli münasibətlər sürətlə inkişaf etdirilmiş və bir çox sahələrdə əməkdaşlıq edilmişdir. Hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir və Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Qarabağ məsələsində haqlı mövqeyini dəstəkləmiş, o cümlədən, İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi siyasi dəstək, Pakistanın yüksəkrütbəli rəsmilərinin mövqeyimizi birmənalı dəstəkləyən bəyanatları mübarizəmizdə bizə əlavə güc vermişdir. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. Azərbaycan da hər zaman Kəşmir məsələsində Pakistanın yanında olmuş, kəşmirlilərin haqq işini dəstəkləmişdir.

Azərbaycanın Pakistan ilə əməkdaşlığı həm regional, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyətə malikdir. İki ölkə arasında bir çox sahələrdə sıx əməkdaşlıq vardır. Ölkələrimiz arasında ticarətin həcmi artmaqdadır və müxtəlif sahələrdə birgə layihələr həyata keçirilir. Azərbaycan və Pakistan arasında kənd təsərrüfatı, enerji, ticarət və turizm sahələrində əməkdaşlıq imkanları genişlənir. Eyni zamanda iki ölkə arasında mədəni əlaqələr də inkişaf edir, təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlıq genişlənir.

Azərbaycan və Pakistan arasında hərbi sahədə də əməkdaşlıq mövcuddur. Hər iki ölkə arasında hərbi təlimlər, təcrübə mübadiləsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq davam edir. Azərbaycan və Pakistan arasında bütün əlaqələr dostluq və əməkdaşlıq şəraitində inkişaf etdirilir və bu əlaqələrin inkişaf etdirilməsində Azərbaycan və Pakistan liderlərinin yaxın münasibəti, qarşılıqlı işgüzar səfərlər böyük rol oynayır.

Məlum olduğu kimi 11-12 iyul 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasında dövlət səfərində olmuşdur. Prezident İlham Əliyevin Pakistana səfərinin əsas məqsədi iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirmək idi. Səfər çərçivəsində iqtisadi, ticarət, enerji, müdafiə və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulurdu.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə və geniş tərkibdə görüşləri olmuş, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında bir sıra sənədlərin və anlaşma memorandumlarının imzalanması və mübadiləsi mərasimi təşkil edilmiş, qurumlar arasında əməkdaşlığa dair anlaşma memorandumları, ticarət, turizm, dövlət əmlakının özəlləşdirilməsi, elmi və texnoloji sahələrdə, hava əlaqəsi, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq haqqında Sazişlər imzalanmışdır.

Sənədlər imzalandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış etmişlər. Hər iki lider ölkələr və xalqlar arasında illər boyu davam edən dostluq və qardaşlıq münasibətlərini xüsusi qeyd etməklə bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində görülən və görülməli olan məsələlər barədə məlumat vermişlər. Prezident İlham Əliyev bəyanatında Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə vurğu edərək iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə siyasi, iqtisadi və hərbi sahələrdə inkişaf etdirilməsi məsələsini xüsusi qeyd etmişdir. Prezident İlham Əliyevin bu bəyanatları, Azərbaycan və Pakistan arasındakı əlaqələrin strateji əhəmiyyətini və gələcək perspektivlərini əks etdirir. Bu əməkdaşlıq, regionda sabitlik və inkişaf üçün əhəmiyyətli bir faktor kimi qiymətləndirilir.

Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri strateji, siyasi və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir və səfər nəticəsində Azərbaycan və Pakistan arasında əlaqələrin daha da gücləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin regional və beynəlxalq məsələlərdə əməkdaşlığın artırılması üçün zəmin yaradıldı.