Xəbərlər
Azərbaycanda 4013 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
1 iyul 2015-ci il tarixə olan məlumata görə, 4013 nəfər itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Komissiyasının və İşçi qrupunun 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabatında deyilir.
2015-ci ilin 6 ayı ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirib. Hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bir neçə görüş keçirilib, müzakirələr aparılıb. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, itkin düşmüş şəxslərin ailələrindən DNT nümunələrinin toplanması ilə bağlı nəzərdə tutulmuş işlərin reallaşdırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, görülmüş işlər nəzərdən keçirilib, o cümlədən əsir-girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar davam etdirilib.