Xəbərlər
Nazirlər Kabinetinin iclasında 2016-cı ilin dövlət büdcəsi müzakirə edilib
Sentyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
İclası giriş sözü ilə açan Baş nazir Artur Rasizadə bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosialyönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.
Sonra Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.
Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.