YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkələr arasında körpü

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ölkəmiz artıq ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.

İyulun 4 -də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə Prezident İlham Əliyev çıxışı zamanı perspektiv əməkdaşlıq əlaqələrindən geniş bəhs etdi. Ölkə başçısı bildirdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr ölkəmizə Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.

Azərbaycanın tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işlədiyini vurğulayan Prezident İlham Əliyev onu da qeyd etdi ki, ölkəmiz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə Prezident İlham Əliyev çıxışında həmçinin bildirdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilmiş görüşdə onu da diqqətə çatdırdı ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.

Ölkə başçısı görüşdə Təxminən 200 ölkənin yekdil dəstəyi ilə bu il ölkəmizdə keçiriləcək COP29-a da diqqət çəkdi. Prezident İlham Əliyev qeyd etdi ki, Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.