Gündəm
Prezident İlham Əliyev: Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir
"Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir." Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı söyləyib.
Qlobal səviyyədə diplomatik fəaliyyətimizi şaxələndirdiyimizi deyən Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin olduğunu qeyd edib və vurğulayıb ki, bu sənədlərin çoxu torpaqlarımızın işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı bir dövrdə imzalanıb. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz.
Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər: "İndi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir."
Azərbaycan Prezidenti qeyd edib ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirdi ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.
Azərbaycan Prezidenti qeyd edib ki, bununla yanaşı, hesab edir ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik: “Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.
Prezident İlham Əliyev qeyd edib ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.