YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əməkdaşlıq imkanları yaranır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan bu gün bərpaolunan enerji potensialı ilə dünyanın diqqətindədir. Energetika Nazirliyinin məlumatına görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir.

Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan xüsusilə külək enerjisi və yaşıl hidrogen sahələrində rəqabətdə üstünlüyə malikdir. Ekspertlərin proqnozlarına görə, artıq 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin Azərbaycanda elektrik enerjisi sistemində payı 30 faizə çatacaq. Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır.

Bu günlərdə ənənəvi olaraq  keçirilən Bakı Enerji Həftəsi çərçivəsində  tədbirlərdə də Azərbaycanın uğurlu enerji siyasətindən geniş bəhs edildi. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, ildən-ilə tədbir iştirakçılarının sayında artım diqqətdən kənarda qalmır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, gündəmə gətirilən məsələlərin aktuallığını da təsdiqləyir. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində “Euronews” televiziyasına müsahibəsində jurnalistin “Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox iştirakçının olması digər şirkətlərin bu işə sadiqliyini və bu konfransın nəyə görə enerji sektorunda qlobal liderliyi əks etdirdiyini göstərir. Elə deyilmi” sualına cavab olaraq bildirdi ki, tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir: “Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.”

Bu gün Azərbaycan dünyada ən islahatçı, təhlükəsiz ölkə kimi tanınır. Təbii ki, bu uğurların əsasında dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Uğurlarımızı şərtləndirən amillər sırasında islahatların zamanın tələbinə uyğun təkmilləşməsini, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsini, yenilikçi ölkə kimi nüfuzunu daha da artırmasını, ən əsası idarəetmə sistemində təkmilləşməni xüsusi qeyd etməliyik.  İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin.

Azərbaycan daim dünyaya təqdim etdiyi təkmil inkişaf modeli ilə diqqətdədir. Ölkəmiz beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Enerji diplomatiyamızın uğurları bunun təsdiqidir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi fonunda yeni-yeni layihələr gündəmə gətirilir və birgə səylər əsasında uğurlu sonluqla başa çatdırılır. Hazırda Azərbaycan bərpaolunan enerji sahəsində mövcud imkanlarından səmərəli istifadə edərək yeni əməkdaşlıq formatlarının yaranmasına yol açır. Cənab İlham Əliyevin sözügedən müsahibəsində qeyd etdiyi kimi, biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin,  qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.