YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kənan Yavuz: SOCAR-ın 2008-2018-ci illərdə TANAP da daxil olmaqla Türkiyədəki layihələrə qoyduğu investisiyaların məbləği 20 milyard dolları keçəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci ildə “Petkim” şirkətinin özəlləşdirilməsi ilə Türkiyədəki fəaliyyətlərinə başladı. Hazırda “SOCAR Turkey Enerji A.Ş.” şirkəti Türkiyənin ən gənc enerji şirkətlərindən biridir. Şirkət neft emalı, neft-kimya, energetika, logistika və daşıma inteqrasiyasına əsaslanan sahələrdə bir-birini dəstəkləyən bir enerji şirkətidir. “SOCAR Turkey Enerji A.Ş.”nin ortaqlıq quruluşuna əsasən bu şirkətin 87 faizlik hissəsi SOCAR-a məxsusdur.

Bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz İstanbulda azərbaycanlı jurnalistlərlə keçirdiyi görüşdə deyib. O bildirib ki, bu il avqustun 14-dən etibarən dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” “SOCAR Turkey Enerji A.Ş.”nin 13 faizlik hissəsinə ortaq oldu. “SOCAR Turkey Enerji A.Ş.” 2021-ci ildə bu 13 faizlik hissəni “Goldman Sachs”ın liderliyini edəcəyi bir konsorsium ilə birjada satışa çıxarmağı planlaşdırır.

“SOCAR Turkey Enerji A.Ş.”nin 2018-ci ildə Türkiyənin ən böyük ikinci, 2023-ci ildə isə ən böyük sənaye şirkəti olmağı hədəflədiyini deyən K.Yavuz bildirib ki, 2008-2018-ci illər ərzində Türkiyə üçün olduqca əhəmiyyətli infrastruktur layihəsi olan Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi də daxil olmaqla SOCAR-ın qardaş ölkəyə qoyduğu investisiyaların məbləği 20 milyard dolları keçəcək. O qeyd edib ki, “Value-Site” layihəsi çərçivəsində “SOCAR Turkey Enerji A.Ş.”nin bu vaxtadək Petkim yarımadasına qoyulan investisiyalarının cəmi 10 milyard dolları ötüb. Hazırda “SOCAR Turkey Enerji A.Ş.” Türkiyənin ən böyük xarici investorudur və SOCAR-ın qardaş ölkədəki investisiya portfeli 20 milyard dollardır.

Petkim yarımadasının Türkiyənin sənaye sahəsində strateji əhəmiyyətə sahib ən vacib investisiya mərkəzi olduğunu deyən K.Yavuz qeyd edib ki, SOCAR 2008-ci ildə “Petkim”in 51 faizlik hissəsini 2 milyard 40 milyon dollar müqabilində Türkiyə dövlətindən blok halında almışdı. Daha sonra isə dövlətdə qalan 10 faizlik hissəni də 168 milyon dollar müqabilində 2012-ci ildə aldı. Beləliklə SOCAR-ın “Petkim”in alınması üçün bu vaxtadək ödədiyi məbləğ 2,2 milyard dollar təşkil edir.

“Bu 2,2 milyard dolların təxminən 900 milyon dolları “SOCAR Turkey Enerji A.Ş.” şirkəti olaraq Türkiyədə formalaşdırdığı maliyyə resursları hesabına ödəndi. SOCAR Türkiyədə yaradılan resurs hesabına “Petkim”in özəlləşdirilməsindən geriyə qalan borcunu da tamamilə ödədi”, - deyə K.Yavuz qeyd edib.

O bildirib ki, “Petkim PetroKimya Holding A.Ş.”nin etilen zavodundaki 13 faizlik tutum artımı və PTA zavodundaki 50 faizlik tutum artımı da 2014-cü ildə tamamlandı. Tutum artımları nəticəsində “Petkim”in illik istehsal tutumu 3,2 milyon tondan 3,6 milyon tona yüksəldi.

SOCAR-ın “Star” neft emalı zavodu layihəsinin ümumi investisiya məbləği isə 5 milyard 600 milyon dollar təşkil edir. İnvestisiya məbləğinin 2 milyard 400 milyon dolları SOCAR-ın öz resurslarından təmin edilib. Qalan 3 milyard 200 milyon dollar dəyərindəki investisiya isə banklar tərəfindən maliyyələşdirilməkdədir”, - deyə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri bildirib.

Qeyd edilib ki, İzmirdə inşa edilən “Star” neft emalı zavodu üçün 23 bankdan ümumilikdə 3,2 milyard dollarlıq maliyyə resursu təmin edildi. On səkkiz illik ödəmə planı ilə Türkiyə real sektor tarixinin ən böyük layihə maliyyələşdirilməsi olan bu layihə, 23 beynəlxalq bankın və Amerika, Yaponiya, Koreya, İspaniya və İtaliya “Eximbank”larının da daxil olduğu konsorsium tərəfindən reallaşdırıldı.

“Star” neft emalı zavodunun inşasının 2018-ci ildə bitəcəyini deyən K.Yavuz bildirib ki, bu zavod Türkiyənin Respublikasının bir nömrəli strateji investisiyaya təşviq sənədinə malikdir. Həmin təşviq sənədi ilə investisiya dövründə Türkiyə Respublikası tərəfindən təxminən 1 milyard dollara yaxın bir təşviq veriləcək.

K.Yavuz qeyd edib ki, zavodun istehsal edəcəyi bütün məhsullar, hazırda Türkiyəyə xaricdən idxal edilir. Yəni ki, Türkiyədə istehsal edilə bilməyən, tutum yetərsiz olduğu üçün idxal edilən məhsullar artıq bu zavodda istehsal ediləcək. “Star” neft emalı zavodu “Petkim” ilə inteqrasiya olduğu üçün Avropanın ən yüksək texnologiyaya sahib məhsuldarlığı və gəliri ən yüksək zavodu olacaq.

Bu vaxtadək zavoddakı tikinti işlərinin 29 faizinin tamamlandığını deyən K.Yavuz bildirib ki, “Star”a indiyədək 2 milyard dollar vəsait xərclənib. Bu məbləğin təxminən 300 milyon dollarını banklardan alınan layihə maliyyələşdirilməsi tərəfindən qarşılanıb. Bundan sonrakı xərclərin böyük hissəsi isə yenə də layihə maliyyələşdirilməsi tərəfindən ödənəcək.

O vurğulayıb ki, investisiya mərhələsində, 2017-ci ilin sonuna qədər zavodda təxminən 10 mindən çox insan çalışacaq. 2018-ci ilin martında istehsala başlanılması nəzərdə tutulan “Star” neft emalı zavodunda istehsal həyata keçirildikdən sonra isə daimi əsasda 1000 nəfər iş ilə təmin ediləcək.

Petkim yarımadasında inşa edilən “Petlim” konteyner limanı Türkiyənin üçüncü, Egey dənizinin isə ən böyük konteyner limanı olacaq. “Petlim” keyfiyyət standartları baxımından Türkiyənin ən keyfiyyətli və ən yüksək standartlara sahib limanı olacaq”, - deyə K.Yavuz bildirib.

Qeyd edilib ki, dünyanın ən böyük investisiya banklarından olan “Goldman Sachs” “Petkim”in liman şirkəti “Petlim”ə ortaq olub. “Petlim”in səhmlərinin 30 faizi 250 milyon dollar müqabilində “Goldman Sachs”a satılıb. Bu səhmlərin satışı nəticəsində Petkim konteyner limanının bazar dəyəri bir milyard dollara çatıb. “Petlim”in ən böyük xüsusiyyəti, 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmilərinin limana yanaşa bilməsidir. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırıldı və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib.

“Petlim”in ümumi investisiya dəyərinin 400 milyon dollar olduğunu deyən K.Yavuz qeyd edib ki, həmin 400 milyon dolların 300 milyon dollarlıq hissəsini “Petkim” maliyyələşdirib. Limanın menecmenti 28 il müddətinə dünyanın ən böyük konteyner terminalı idarəetmə şirkəti olan “APM Terminals” şirkəti tərəfindən həyata keçiriləcək və gəlir ortaqlığı razılaşmasına əsasən Petkim də əldə edilən gəlirlərdən pay alacaq.

“Hədəfimiz 2016-cı ilin yanvarından etibarən konteyner gəmilərini limanda görməkdir. “Petlim”in rəsmi açılışının ən gec 2016-cı ildə Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə həyata keçirilməsi planlaşdırılır”, - deyə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri vurğulayıb.

K.Yavuz bildirib ki, Petkim yarımadası enerji istehsalının şaxələndirilməsi çərçivəsində inşa ediləcək külək elektrik stansiyasının ümumi gücü 51 meqavat olacaq. Təxminən 55 milyon avro məbləğində investisiya ilə “Petkim” tərəfindən inşa edilən külək elektrik stansiyasının tikintisinin 2016-cı ilin sonunda tamamlanması planlaşdırılır. “SOCAR POWER Enerji Sərmayələri A.Ş.” şirkətinin “Petkim”in ərazisində qarşıdakı 10 illik planında təxminən 1500 meqavat gücə malik layihəsi var. Hazırda təxminən 300 meqavatlıq gücə malik olacaq kömür stansiyası üçün “SOCAR Power” şirkəti vasitəsilə bürokratik işlərlə əlaqədar dövlətdən alınması lazım olan icazələr alınıb. Tender prosesi və layihə maliyyələşdirilməsi təmin etmək üçün banklarla danışıqlar davam etdirilir.

“300 meqavatlıq “Petkim Kojenerasyon Təsisinin” (Petkojen) birinci mərhələsinin 2016-ci ildə tamamlanması planlaşdırılır. Beləliklə də enerji xərclərində təxminən 30 faiz qənaətin təmin edilməsi nəzərdə tutulur. Planlaşdırılan sərmayələr 2023-cü ildə Petkim yarımadasının elektrik və buxar gücü ehtiyacı təxminən 4 qat artacaq. STEP Enerji Stansiyası layihəsinin ümumilikdə 1,4 milyard dollarlıq investisiya xərclərinin 300 milyon dolları ətraf mühitin çirkliliyinin qarşısını alacaq investisiya məbləği olaraq hesablanıb. Həyata keçirilən enerji investisiyaları ilə həm Petkim yarımadasındakı enerji ehtiyacları ödəniləcək, həm də Türkiyə dövlətinə elektrik satılacaq”, - deyə K.Yavuz qeyd edib.

Bildirilib ki, Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi Türkiyə və Azərbaycanın bu günə qədər müvəffəqiyyətlə icra etdikləri layihələrin enerji sahəsindəki ən əhəmiyyətli nümunələrindən biridir. 2011-ci il dekabr 26-da Razılaşma Memorandumunun, 2012-ci il iyunun 26-da Hökumətlərarası Sazişin və Ev Sahibi Hökumət müqaviləsinin imzalandığı TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından və əlavə mənbələrdən əldə edəcəyi təbii qaz ilə Türkiyənin və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.

“TANAP Türkiyənin Gürcüstan sərhədində Ardahan vilayətinin Posof mahalının Türkgözü kəndindən başlayaraq Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşəhər, Kırıqqala, Ankara, Əskişəhir, Biləcik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Təkirdağ və Ədirnə olmaqla 20 vilayətdən keçəcək və Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında sonlanacaq. Burada isə boru kəməri Avropa ölkələrinə təbii qaz ötürülməsini həyata keçirəcək “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Boru kəmərinin Türkiyə daxilində çıxış nöqtələri isə Əskişəhər və Trakya bölgələri olacaq. TANAP layihəsi çərçivəsində ilk qaz nəqli 2018-ci ildə reallaşdırılacaq. İlkin olaraq illik 16 milyard kubmetr olacaq daşıma tutumu, pilləli olaraq əvvəl 24 milyard kubmetrə və sonradan 31 milyard kubmetrə yüksəldiləcək. TANAP Türkiyə sərhədləri daxilində bu vaxtadək həyata keçirilən ən böyük həcmə və uzunluğa sahib təbii qaz boru kəməri layihəsi olacaq”, - deyə K.Yavuz vurğulayıb.

Azərbaycanlı bir qrup KİV nümayəndələri İzmirdə “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud ilə görüşüb, SOCAR-ın Petkim yarımadasında həyata keçirdiyi layihələr, “Star” neft emalı zavodu və “Petlim” konteyner limanında aparılan tikinti işlərinin gedişi ilə də tanış olublar.

Xatırladaq ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.

 

DİGƏR Xəbərlər Arxiv