YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordumuz qürurumuzdur

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Hər bir müstəqil dövlətin əsas atributlarından biri güclü orduya sahib olmasıdır. Ona görə də güclü ordu formalaşdırmaq istənilən dövlətin qarşısında dayanan ən əsas vəzifələrdən biridir. Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir ki, burada da gənclər arasında hərbi vətənpərvərlik təbliğatı ön plana çıxır. Tarixi təcrübə göstərir ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Əksinə, güclü və nizam-intizamlı orduya malik olan xalqın dövlətçiliyi daimi və əbədi olar.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə hakimiyyətdə olanların səriştəsizliyi, öz şəxsi maraqlarını milli maraqlardan üstün tutmaları ordu quruculuğu prosesinə öz mənfi təsirlərini göstərirdi. Ordunun həddən artıq siyasiləşməsi, pərakəndəlik son nəticədə torpaqlarımızın düşmən tərəfindən işğalına münbit şərait yaratmış oldu. Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışı ordu quruculuğu prosesinə də qısa zamanda öz müsbət təsirini göstərdi. Azərbaycan Respublikasında ordu quruculuğu prosesi beynəlxalq standartlara uyğunlaşdırıldı. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Peşəkar kadr hazırlığı yüksək səviyyəyə qaldırıldı.

Hal-hazırda Azərbaycan Ordusu ən müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Tarixi Zəfərimizlə tamamlanan 44 günlük Vətən müharibəsində və bir gündən də az müddətə yekunlaşan lokal antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun döyüş əzminə, fədakarlığına, peşəkarlığına, misilsiz qəhrəmanlığına bütün dünya şahidlik etdi. Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır.

Müasir dövrdə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına yüksəlməsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müstəsna xidmətləri var. Dövlət başçımızın ölkəmizə rəhbərliyi dövründə yüksək mənəvi dəyərlərə sahib vətənpərvər bir gənclik, eyni zamanda qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan çox güclü silahlı qüvvələr formalaşdırıldı. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında yeni komando birlikləri yaradılır. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplekləşdirilir. Ölkəmiz qardaş Türkiyə Respublikası, eləcə də dünyanın bizə dost mövqedə olan aparıcı dövlətləri ilə hərbi əməkdaşlığı dərinləşdirir.

26 iyun Silahlı Qüvvələr Günü hər il ölkəmizdə böyük coşğu, təntənə ilə qeyd olunur və müxtəlif tədbirlər keçirilir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Azərbaycan Ordusu haqqında danışarkən çox haqlı olaraq bildirir ki, biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir hərbi texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Müasir, güclü, qəhrəman və qalib Azərbaycan Ordusu dünyada yaşayan hər bir azərbaycanlının sonsuz qürur mənbəyidir. Bir cümlə ilə ifadə etsək – Ordumuz qürurumuzdur.

DİGƏR Xəbərlər Arxiv