Xəbərlər
Gücümüz etiraf edilir
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsində şanlı tarix yazan 106 yaşlı rəşadətli Ordumuzun inkişaf yolundan bəhs etmək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün böyük qürurdur. Azərbaycanın bu gün dünyanın ən güclü orduları sırasında qərarlaşan Ordusunun olması dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısının aydın mənzərəsini yaradır.
Bu mühüm məqamı da qeyd edək ki, 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, bu günümüz üçün gördüyü işlərdən biri də ordu quruculuğu sahəsində əhəmiyyətli addımların atılmasıdır. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli Silahlı Qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur.
Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşadığı uğursuzluqlar ordu qurruculuğundan da yan keçmədi. Həmin illərdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin mənfur düşmən tərəfindən işğalına səbəb oldu. O dövrün xarakterik xüsusiyyətlərindən biri orduda fərarilik hallarının geniş vüsət alması idi. Mövcud vəziyyət Azərbaycan gənclərinin hərbi xidmətdən yayınmalarına yol açmışdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. Ümumilikdə Ümummilli Liderin hakimiyətinin hər iki dövründə ordu quruculuğuna diqqət və qayğı prioritet olub. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra C.Naxçıvanski adına hərbi lisey ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.
“Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” söyləyən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilənin imzalanması ölkəmizdə sabitliyin təmin edilməsi fonunda bütün sahələrin inkişafı istiqamətində əhəmiyyətli addımlara yol açdı. Qısa müddətdən sonra Ümummilli Lider bu tezisi böyük əminliklə qeyd etdi ki, Azərbaycanın milli təhlükəsizliyini, əmin-amanlığımızı təmin edən, sərhədlərini qoruyan, ərazi bütövlüyünü, torpaqlarını müdafiə edən, ən əsası işğal altında olan ərazilərimizi azad etməyə qadir Ordusu var. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı əsasında Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün-26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və dövlət bayramı kimi qeyd edilməsi bu sahəyə diqqətin, qayğının göstəricisi olmaqla yanaşı, hər il bu tarixdə ordu quruculuğu sahəsində görülən işlərin hesabatı oldu. Artıq sonrakı illərdə Ümummilli Liderin Fərman və Sərəncamları hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin önəmini bir daha açıqladı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 20 ildən artıq dövrdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-2020-ci illərdə bütün fəaliyyəti torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Azərbaycan bütün sahələrdə gücləndi, ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, beynəlxalq standartlara cavb verdiyi böyük əminliklə qeyd olundu. Azərbaycan Silahlı Qüvvələr Günündə təşkil olunan hərbi paradlar, ölkəmizdə keçirilən Beynəlxalq Müdafiə Sərgiləri ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirdi.
Əvvəldə də böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz bütün uğurlarımızın zirvəsi oldu. Şanlı Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Azərbaycanın müstəqillik tarixinin Zəfər səhifələri daha da zənginləşir. Xalqımız bu Qələbəni bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza daim minnətdardır. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. 44 gündə 30 ilin işğalına son qoyuldu. 44 günün hər günü Azərbaycan tarixinə Zəfər səhifəsi kimi yazıldı. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Yazılan Zəfər tarixinin müəllifi, Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, qalib milli Ordumuz, müzəffər Azərbaycan xalqı düşmənə tarixdə heç vaxt unuda bilməyəcəyi dərsi verdi. Bir daha təsdiq etdik ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.
Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir. Belə ki, aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik kimi dəyərləndirilir və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə hərbi hissənin açılışında bildirmişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”