YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın ali məqsədi

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

“Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir.” Bu sətirlərin müəllifi olan Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Azərbaycanda nizami ordunun yaradılmasına ötən əsrin əvvəllərindən başlanılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.

Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. Lakin o dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması dahi rəhbərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Bundan başqa, ulu öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malik oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Təminatı yaxşılaşdırmaq üçün ölkəmizdə müxtəlif təyinatlı silah növləri istehsal edilir.

Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün apardığı hərəkatla adını tarixə qızıl hərflərlə yazmış oldu. Zəngin maddi-texniki bazaya, ən yeni silahlara malik Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Bu gün artıq sirr deyil ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Düşmən ölkədə ən yüksək səviyyədə etiraf edir ki, Azərbaycan Ordusu çox güclüdür. Yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləri ilə təchiz olunan dövlətimizin dayağı, xalqın qürur mənbəyi olan Azərbaycan Ordusunun gücü dünyanın tanınmış ekspertləri tərəfindən də vurğulanmaqdadır. Sözsüz ki, bugünkü qələbənin kökündə duran digər vacib məqam Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərdir beynəlxalq müstəvidə aparıdığı siyasətdir.