Xəbərlər
Azərbaycanın taleyini dəyişən zəfər tarixi
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər-çiçəklər düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Yeni TV”nin 15 İyun – Milli Qurtuluş Günü münasibətilə hazırladığı “Qurtuluşdan Zəfərə” adlı film təqdim olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ömür yolu Vətənə xidmətin, sədaqətin parlaq nümunəsidir. O, Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu deyib, 1993-cü il iyunun 15-nin Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi olmasından bəhs edib.
“Mədəniyyət şöbəsi” ərazi partiya təşkilatının fəal üzvü Günay Qədiməliyeva, Vurğun qəsəbə tam orta məktəbin tarix müəllimi Nizami Alıyev, Tatlı kənd tam orta məktəbin psixoloqu Aidə Əmiraslanova və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Kifayət Əliisgəndərova Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan bəhs ediblər.
Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman təqdim olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.