Xəbərlər
Bakı Enerji Həftəsində əsası qoyulan layihələr bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır
Bakı Enerji Həftəsində əsası qoyulan layihələr bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır
Dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. İyunun 4-də öz işinə başlayan və üç gün davam edəcək Bakı Enerji Həftəsi üç mötəbər tədbiri özündə birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 12-ci Xəzər beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji forumu. İyunun 4-də keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ötənilki tədbirdən keçən müddət ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatı oldu. Bu mühüm məqamı da nəzərə alsaq ki, builki Bakı Enerji Həftəsi Azərbaycanın bugünkü iqtisadi uğurlarının əsası olan “Əsrin müqaviləsi”nini imzalanmasının 30 illiyi ərəfəsinə təsadüf edir bu halda ölkəmizin ötən illər ərzində hansı nailiyyətlərə imza atdığını, ümumilikdə keçdiyi yolun təqdimatı bir zərurət kimi qarşımızda dayanır. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında diqqəti ilk Xəzər Neft və Qaz sərgisinin keçirildiyi vaxta yönəldərək bildirdi ki, otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi. Ölkəmiz müstəqillik yolunda ilk addımlarını atırdı. Bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin həmin ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışından sonra ölkənin tarixində yeni səhifə açıldı. Ümummilli Liderin hakimiyyətə qayıdışı Azərbaycanın bugünkü uğurlarının başlanğıcı oldu. Sonrakı uğurlarımızın təməl daşı olan 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın qarşısında geniş imkanlar açdı.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtayın ilk Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi vaxtı xarakterizə etməsinə yönəldib. Britaniyalı mütəxəssis bildirib ki, otuz il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başladı və müasir müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi xatirələrdə qaldı. Bu il 30 illiyi qeyd olunan məşhur “Əsrin müqaviləsi”nin imzalanmasından bir qədər əvvəl buna ilkin olaraq təşəbbüs göstərildi. O vaxtdan indiyədək həmin beynəlxalq tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirakı bu mötəbər beynəlxalq tədbirin aktuallığını təsdiqləməklə yanaşı, Azərbaycanın möhkəmlənən mövqeyinin göstəricisidir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur. Azərbaycanın iqtisadi imkanlarının təqdimatına, investorların ölkəmizə gəlişinə yol açan sərgi bu gün Bakı Enerji Həftəsi adı ilə özündə mühüm tədbirləri ehtiva edir. Ən əsası hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin Bakı Enerji Həftəsində müzakirə olunan mövzular sırasına daxil edilməsi Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da dövrün çağırışlarını yüksək səviyyədə cavablandırdığını nümayiş etdirir. ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemianın Azərbaycanı regionda və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı tərəfdaş adlandırması bunu bir daha sübut edir. Amerikalı diplomat, həmçinin belə bir əminlik ifadə edib ki, COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan etibarlı enerji təchizatçısı kimi iqlim hədəflərinə nail olunması və qlobal enerjiyə keçidin sürətləndirilməsi üçün öz mövqeyindən istifadə edə bilər.
Vüqar Rəhimzadə Azərbaycanın bərpaolunan enerji potensialından, yeni əməkdaşlıq imkanlarının yaradılmasından geniş bəhs edərək diqqəti 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasına yönəldib. Dövlət başçısı İlham Əliyev məhz bu təməlqoyma mərasimini önə çəkərək bildirdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyinin anonsunu verir.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın möhkəm təmələ əsaslanan enerji siyasətinin bundan sonra da ölkəmizə davamlı uğurlar qazandıracağını, əməkdaşlığın coğrafiyasının daha da genişləndirilməsinə yol açacağını bildirib. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər zamanı bir sıra ikitərəfli işgüzar görüşlər də baş tutdu, sənədlər imzalandı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalandı. İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında bu ilin mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir. SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpaolunan enerji layihəsi üzrə imzalanan Səhmdarlar Sazişləri Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacaq. Dünyada tanınmış və regionun ən böyük neft şirkətlərindən olan SOCAR sərgidə geniş təmsil olunur.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 ilə yaxın dövrdə Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazanıb. “Əsrin müqaviləsi”nin 23 illiyində “Yeni əsrin müqaviləsi” imzalandı. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu və dörd ildən sonra, 2018-ci ildə rəsmi açılışı oldu. Bu layihənin əsas tərkib hissəsi olan TANAP və TAP istifadəyə verildi. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Azərbaycan qarşıya hansı hədəfi qoyursa, ona zamanında nail olur. Hazırkı dövrdə əsas çağırışlardan biri məhz TAP-ın və TANAP-ın tərkibinin genişləndirilməsidir. Dövlət başçısı İlham Əliyev uğurlarımıza söykənərək böyük əminliklə qeyd etdi ki, bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnən Bakı Enerji Həftəsində bu il də mühüm nəticələr əldə ediləcək. Builki Bakı Enerji Həftəsi, eyni zamanda, daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir.