Partiya xəbərləri
“Həyat dəyərlidir, onu narkotikə qurban vermə!”
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq mayın 31-də Şabran rayonunda “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusunda tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Şabran rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Hüseyn İlyasov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov, Vətən müharibəsi iştirakçıları Şəhriyar Eyvazlı və Orxan Xıdırov çıxış edərək narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğunu bildiriblər. Qeyd olunub ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən maarifləndirmə işləri də davamlı olaraq həyata keçirilir.
Tədbir interaktiv formada davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.