Xəbərlər
Sabunçu rayonunda “Parlayan ulduzlar” adlı inklüziv mədəni tədbir keçirilib
Bakı Gənclər Mərkəzində “Uşaq İnkişaf Mərkəzi”nin təşəbbüsü, Sabunçu Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Parlayan ulduzlar” adlı inklüziv mədəni tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları uşaq və gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Uşaq İnkişaf Mərkəzi”nin rəhbəri Aynur Musayeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Jalə Əliyeva və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevanın çıxışlarında xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açılıb. Müasir dövrdə uşaq problemlərinin həlli və uşaq hüquqlarının qorunmasının qarşıya qoyulmuş əsas vəzifələrdən biri olduğu vurğulanıb. Çıxışçılar uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün ölkəmizdə zəruri şəraitin yaradıldığını qeyd edərək onların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-uşaq siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Tədbir “Uşaq İnkişaf Mərkəzi”nin şagirdlərinin təqdimatında ədəbi-bədii hissə ilə başa çatıb.