YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə əbədi həkk olunan 28 may 1918-ci il tarixindən bizi 106 illik zaman ayırır.  Həmin tarixdə  Azərbaycan Xalq Cümhuriyyəti  elan edilib. Məlum səbəblərdən 23 ay yaşayan Demokratik Respublika  qarşısına  qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun şüurlarda formalaşdırdığı  müstəqillik ideyası unudulmadı. Xalqımız daim müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək arzu ilə yaşadı.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin bu tezisini qeyd etmək istərdik: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Azərbaycan XX əsrin sonlarında - 18 oktyabr 1991-ci ildə yenidən  müstəqilliyini bərpa etməklə   özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Müstəqil ölkəmiz   Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

Müstəqilliyimizin ilk illərində yaşananlar, 1991-93-cü ilin iyununadək olan dövr tariximizə qara səhifə kimi yazılıb. Bu illərin  hakimiyyətsizliyi ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın baş alıb getməsi, sabaha ümidlərin itməsi ilə müşayiət olunurdu. Ölkə daxilində siyasi vəziyyət son dərəcədə kəskinləşmiş,  vətəndaş qarşıdurması yaranmışdı. Separatçılıq bu qarşıdurmanı daha da dərinləşdirirdi. “Olum ya ölüm” dilemması qarşısında qalan Azərbaycan dövlət müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Digər tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Belə çətin vəziyyətə düşən xalqın sabaha ümidləri tamamilə itmişdi. Hər zaman Vətəninə, xalqına, torpağına bağlılıq nümayiş etdirən, Azərbaycanın gələcəyi üçün çalışan dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin  "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" tezisi harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrildi. 

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi  görərək bu istəyə uyğun olaraq addımlar atmışdır.  Minlərlə Azərbaycan gəncinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin o illərdə C.Naxçıvanski adına hərbi liseyin yaradılması bugünümüzə hesablanmış addımlar sırasındandır. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı İttifaq respublikaları arasında geridən qalan ölkədən ən qabaqcıl ölkəyə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etmək üçün möhkəm təməl yaratdı. İqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi iqtisadi inkişafı təmin etməklə, digər sahələrin də tərəqqisini sürətləndirməyi şərtləndirdi. Əhalinin sosial müdafiəsi gücləndirildi, demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar bərqərar olundu, sülh danışıqlarını cəsarətlə aparmaq üçün ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirildi. 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etmək üçün möhkəm hüquqi baza formalaşdırıldı.

Bir yazıda Azərbaycanın müstəqillik tarixinin ümumi mənzərəsini tam yaratmaq, Heydər Əliyev siyasətinin uğurlarını əhatə etmək mümkünsüzdür. 2003-cü ildən Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirərək Zəfərlərə aparır. 20 ildən artıq dövrdə qazandığımız uğurların zirvəsi tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində tarixi ədalət bərpa olundu, işğala son qoyuldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib ölkənin qalib Lideri olduğunu əməli ilə təsdiqlədi, ata vəsiyyətini yerinə yetirdi və bununla xoşbəxtliyini  xalqına əminliklə çatdırdı. Ötən ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması milli qürurumuz, kimliyimizdir.

106 illik müstəqillik tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Onların öyrənilməsi və gələcək nəsillərə çatdırılması qarşıda dayanan əsas vəzifələrdəndir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda tərbiyə olunmalı, tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi inkişaf etdirməlidirlər.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün  Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad edilmiş bütün ərazilərimizdə   dalğalanması  Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.