Xəbərlər
Müstəqilliyimiz tarixi nailiyyətimizdir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 106 il ötür. AXC-nin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər gördü. Belə ki, dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edildi. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövrdə atılan addımlardandır.
“Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı” söyləyən Ümummilli Lider Heydər Əliyev onu da bildirmişdir ki, 28 May Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur. Ulu Öndər bu mühüm məqamı da xüsusi vurğulamışdır ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir.
1918-ci il mayın 28-də yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Qeyd etdiyimiz kimi, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Məlum səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.
Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması, həmçinin həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ucbatından xaos, anarxiya dövrü kimi xarakterizə olunur. Həmin illərdə Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Həmin ağır dövrdə xalq öz xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycan 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində yenidən qurularaq özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməyə, indiki və gələcək nəsillərə çatdırmağa, Cümhuriyyət qurucularının zəngin fəaliyyətlərinin təbliğinə geniş imkanlar yaratdı. Bu mühüm addım, eyni zamanda, Azərbaycan xalqının tarixinə sahib çıxan xalq olduğunu, hər bir səhifəsinin təbliğinə xüsusi önəm verdiyini təsdiqlədi. Müstəqilliyimizi tarixi naliyyətimiz kimi dəyərləndirən Ümummilli Liderin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Ulu Öndər Heydər Əliyevin cəsarəti, müdrikliyi, onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıb. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik. Cənab İlham Əliyev daim bu çağırışı da edir ki, gənc nəsil nəyin bahasına müstəqilliyi qoruyub saxladığımızı bilməlidir.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfərə imza atdı. 30 illik işğala 44 gündə son qoyaraq dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu bir daha sübut etdi ki, bir qarış torpağımızı belə düşmənə vermərik. Hazırda bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfəri ilə sübuta yetirdi. Ötən il sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Ölkəmizin həyatında yeni dövr başladı.
Tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. 2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqlənməsindən sonra 28 May tarixini Müstəqillik Günü kimi qeyd edirik. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Azərbaycanın müstəqillik tarixinin məhz 1918-ci ildən başlandığı nəzərə alınaraq 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunması bir zərurət kimi özünü təsdiqlədi. Eyni zamanda, bu məqamı da xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı reallıqlar bir çox tarixi hadisələrin qeyd olunduğu günlərdə düşəlişlərə böyük ehtiyacın olduğunu şərtləndirdi. Bu sırada 18 oktyabr tarixinin Müstəqilliyimizin Bərpası Günü, 28 may tarixinin isə Müstəqillik Günü kimi qeyd olunmasının vacibliyi xüsusi qeyd edildi. Azərbaycanın müstəqilliyi tarixi nailiyyətimizdir. Onu qorumaq, möhkəmləndirmək hər birimizin vətəndaşlıq borcudur.