YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər tariximiz

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Ancaq sonrakı dövr Azərbaycan xalqının böyük inkişaf dövrü olmuşdur. Xalqımız maariflənmiş, Azərbaycan elmi, mədəniyyəti, təhsili yüksək sürətlə inkişaf etmiş, respublikamızda güclü iqtisadi potensial yaranmışdır.

Sovetlər dönəmində Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Müstəqil və Azərbaycan dövlətinin yenidən möhkəm təməllər üzərində qurulmasında, dünyada tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu.

Ulu Öndərin dediyi kimi, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Müstəqilliyimizin 106 illiyini qeyd edərkən fərəhlə deməliyik ki, bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olub. Ən böyük nailiyyətlərdən biri də ondan ibarətdir ki, artıq Azərbaycanda, onun daxilində ictimai-siyasi sabitlik yaranıbdır. İnsanlarımız rahat yaşayır və onların rahat yaşaması üçün hər cür şərait yaranıbdır. Bu da müstəqilliyimizin bəhrəsidir. Bütün bunlar bir daha təsdiqləyir ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi müdrik siyasi kursa Azərbaycanda alternativ yoxdur və bu kurs cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir ölkəmizi daha firavan gələcəyə aparır.

Ulu öndər Heydər Əliyev hər zaman ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu bildirirdi. Ümummilli Liderin bu arzusunu onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması tariximizin ən şərəfli səhifəsidir. Xalqımız 2020-ci ildən bu yana bütün əlamətdar bayram və günlərini xüsusi coşqu və təntənə ilə qeyd edir.