YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı müstəqilliyinin ən şanlı dövrünü yaşayır

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

106 il əvvəl Azərbaycan istiqlal müjdəsi ilə bütün Qafqaza isıq saçdı. 1918-ci ildə istiqlaliyyətimizin elanı Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutsa da, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Vətəndə böyük coşqu ilə qarşılandı.

1917-ci ildən Bakının bolşevik və erməni daşnaklarının işğalı altında olması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti üçün ölkənin ikinci ən böyük şəhəri, xalqımızın qəhrəman övladı Cavad Xanın Vətəni Gəncənin seçilməsini labüdləşdirdi. Qısa müddətdə Gəncə şəhərinə köçən Azərbaycan hökumətinin qarşısında Bakının azad edilməsi birinci hədəf kimi qoyulmuşdu. Bunun üçün isə əvvəlcə silahlı qüvvələrin yaradılması yönündə vacib işlər görülməli, hərbi-texniki dəstək təmin edilməli idi. Bunu yaxşı bilən Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri Türkiyə dövləti ilə əldə edilən razılaşma əsasında hərbi əməkdaşlığın genişləndirilməsinə üstünlük verirdilər.

Müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün 26 iyun 2018-ci il tarixində ilk addım atıldı və Əlahiddə Müsəlman Korpusunun əsasında silahlı qüvvələrimizin yaradılması elan edildi. Ordunun ilk işi o zaman ölkədə yaranan hakimiyyətsizlikdən istifadə edərək yerlərdə pozuculuq fəaliyyəti göstərən erməni daşnaklarının silahlı dəstələrinin Gəncə və ətraf rayonlarda tərk-silah edilməsi oldu.

Bundan sonra hərbi əməkdaşlıq haqqında saziş əsasında qardaş Türkiyədən göndərilən canlı qüvvə və hərbi texnikanın köməyi ilə Azərbaycan tezliklə öz paytaxtını azad etmək üçün fəaliyyətə başladı. Türkiyədən Gəncəyə gələn Qafqaz İslam Ordusunun qüvvələri Nuri Paşanın rəhbərliyi altında Azərbaycan Ordusunun bölmələri ilə birlikdə Bakıya doğru hərəkət etdilər. Kürdəmir, Ağsu, Göyçay, Şamaxı və digər bölgələrdə erməni-bolşevik qüvvələrrinin müqavimətini qıran Qafqaz İslam Ordusu və Milli Ordumuz qızğın döyüşlərdən, mühüm hərbi əməliyyatlardan sonra 15 sentyabr 1918-ci ildə Bakını işğaldan azad etdi.

Paytaxtın azad edilməsindən sonra qısa müddətdə Gəncədən Bakıya köçən Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti genişmiqyaslı fəaliyyətə başladı. Həmin ilin dekabrında Müsəlman Şərqindəki ilk demokratik, dünyəvi müstəqil respublikanın parlamenti də formalaşdı. Rusiya Müsəlmanları İttifaqının sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamenti müstəqil dövlətin atributlarının qəbulundan tutmuş ölkədə iqtisadi, sosial, səhiyyə, hərbi sahədə quruculuq işləri və islahatların həyata keçirilməsi üçün qanunvericilik aktlarının hazırlanmasına başladı.

Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti o dövrün məhdud imkanları ilə miqyasına görə o qədər böyük işlər gördü ki, sovet rejimi nə qədər çalışsa da, müstəqil dövlətimizin izlərini tarixdən silə bilmədi. Həmin gerçəkliyin nəticəsi idi ki, sovet dövləti laxlayan kimi müstəqil dövlətimizin bayrağı da, gerbi də, himni də ortaya çıxdı. Lakin müstəqilliyin bərpası ərəfəsində Azərbaycana rəhbərlik edənlər “bolşeviklərin varisləri” kimi, üçrəngli bayrağımızdan da, gerbimizdən də, dahi Üzeyir Hacıbəylinin istiqlal şairi Əhməd Cavadın sözlərinə bəstələdiyi himnimizdən də qorxurdular.

Buna baxmayarq, Ulu Öndər Heydər Əliyev həmin dövrdə heç nədən qorxmadı. 20 Yanvar qətliamından sonra Moskvadan Bakıya qayıdan, lakin burada ona qarşı törədilən ciddi maneələrdən sonra Naxçıvana üz tutan Ümummilli Lideri doğma yurdu bağrına basdı. Belə ki, Ulu Öndər 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və 1993-cü ilədək bu vəzifədə çalışdı. Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Sovetində təmsil olunan xalqın ağsaqqalı və dahi şəxsiyyəti Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, mərkəzi qanunvericilik hakimiyyəti qarşısında milli rəmzlərimizin qəbul edilməsi üçün vəsatət qaldırılmışdı. 1991-ci ildə SSRİ-də yaranan vəziyyəti düzgün qiymətləndirməyən respublika rəhbərliyi bu məsələlərdə ciddi müqavimət göstərsə də, sonradan reallığı qəbul etməyə məcbur qaldı. Son nəticədə 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası baş tutdu.

Müstəqilliyin bərpasından sonra hakimiyyətdə olan və daha sonra iqtidara yiyələnənlər müstəqil Azərabycan Respublikasının 28 may 1918-ci ildə elan edilən, iki ilə yaxın mövcud olan, bolşevik işğalı və basqısı ilə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qəbul etsələrdə də, bir çox hallarda tarixi varisçilik prinsipinə əməl etmirdilər. Bu durum müstəqilliyin bərpasından tutmuş silahlı qüvvələr gününün qeyd edilməsinə qədər bir çox ciddi tarixi hadisələrdə özünü göstərirdi. Həmin ziddiyyətli məsələlər yalnız Ümummilli Lider müstəqil Azərbaycana başçılıq etdiyi dövrdə həllini tapdı.

Xatırladaq ki, Ulu Öndər yenidən hakimiyyətin yüksək pilləsinə qalxanda müstəqilliyimizin 75-ci illiyi tamam olmuşdu. 1993-cü ilin yazında Azərbaycan “ya məhv olmaq, ya da mövcudluğunu qorumaq” dilemması qarşısında qalmışdı. Xalqın təkidli tələbi həmin çətin dövrdə Ulu Öndəri Naxçıvandan Bakıya gəlməyə və vətəndaş müharibəsinin qarşısını almağa səfərbər etdi. Bu minvalla ölkəmizdə müqəddəs qurtuluş dastanı yazılmağı başladı. Müəllifi Ulu Öndər olan bu əfsanə Azərbaycanı uğurdan-uğura aparır.

Müstəqilliyimizin bərpasından sonra bir çox tarixi hadisələrə qiymət verilməsində ciddi yanlışlıqlar olmuşdu. Buna görə də 2021-ci ildə müstəqillik və müstəqilliyin bərpası ilə bağlı qanunu müzakirə edən Milli Məclis “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Prezident İlham Əliyev tərəfindən 15 oktyabr 2021-ci il tarixində təsdiq edilən qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.

Beləliklə, artıq 28 may Müstəqillik Günü qeyd edilir. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz sayəsində106 il əvvəl əldə edilən müstəqilliyin ən şanlı dövrünü yaşayırıq. Tarixi ədalətin bərpasından sonra 1918-ci il mayın 28-də müstəqilliyimizi dünyaya bəyan edən istiqlal mücahidlərinin də, istiqlal uğrunda şəhid olan bütün qəhrəman övladlarımızın da ruhu şaddır.