YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərin geniş perspektivləri var

Anar Məmmədov

Milli Məclisin deputatı

 Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Tacikistan Respublikası ilə münasibətlərə böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan və tacik xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun mayın 23-də Azərbaycana dövlət səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edildi, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verildi. Ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan ilə Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalandı. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. İmzalanan sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını möhkəmləndirir. Dövlət başçısı əmin olduğunu vurğuladı ki, imzalanmış sənədlər qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. 

Tacikistan Prezidenti Emoməli Rəhmon isə mətbuata bəyanatında iki ölkə arasındakı layihə və proqramların uğurla həyata keçirildiyindən söz açaraq deyib: “Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verildi”.

Göründüyü kimi, Tacikistan və Azərbaycan liderlərinin səyləri sayəsində ikitərəfli münasibətlər qarşılıqlı anlaşma və etimad əsasında qurulur və bütün sahələrdə tədricən inkişaf edir. Eyni zamanda, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili, ticarət-iqtisadi, sənaye, kənd təsərrüfatı, investisiya, tranzit, nəqliyyat və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Ölkələrimizin mövcud iqtisadi potensialını nəzərə alaraq qeyd etmək olar ki, böyük istifadə olunmamış ehtiyatlar mövcuddur və əminliklə demək olar ki, Tacikistan və Azərbaycanın müvafiq qurumları arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi və dərinləşməsi üçün hər cür şans var. Çünki Tacikistan və Azərbaycanın iqtisadi və qanunvericilik bazası onların inkişafı üçün lazımi hüquqi platformanı təmin edir. 

Beləliklə, bu səfər bir daha göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Tacikistanla əməkdaşlığının geniş perspektivləri var. Bu əməkdaşlıq yüksələn xətlə inkişaf edir.