YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimiz əbədidir

Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi”nin təşkilatçılığı ilə 28 May Müstəqillik  Gününə həsr edilmiş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.

Gənclərin Respublika Bədii Yaradıcılıq Evində keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 1991-ci il oktyabrın 18-də  Azərbaycan öz dövlət  müstəqilliyini  yenidən bərpa etsə də müstəqilliyimizin ilk illərində ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayan Azərbaycanı bu çətin vəziyyətdən xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, zəngin təcrübəsi, yüksək idarəçilik məharəti çıxardı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Azərbaycanın  müstəqillik tarixinin yeni, parlaq səhifəsini yazdı.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, son 20 ildən artıq dövrdə bütün sahələrdə Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və bütün ərazilərində suverenliyini tam bərpa edərək tarixi Zəfərin sevincini yaşayır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, müstəqilliyimizi daimi, əbədi edən Heydər Əliyev kimi Ümummilli Lideri, torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edən cənab İlham Əliyev kimi Prezidenti var.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tədbirdə biri-birindən maraqlı musiqi nömrələri təqdim edilib.