Xəbərlər
Nəsimi rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib
Mayın 24-da Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 28 may – Müstəqillik gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan dövlətinin sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib.
Sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyalarında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz bərpa olunub.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru, dosent İbrahim Kazımbəyli çıxışında vurğulayıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng işlər görüb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi, partiya fəalı Sənan Hüseynov bildirib ki, bu il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106 ili tamam olur. Altı il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.