YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı

“Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Həmin  illərin  qabaqcıl şəxsiyyətləri, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirdi, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaratdı və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov qeyd edib ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələlərini müqayisəli təhlil etdikdə  müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən də çətin olduğunu aydın şəkildə görürük: “Məlum olduğu kimi, Azərbaycan  1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə hakimiyyətsizliyin hökm sürməsi faciələrə, böyük çətinliklərə gətirib çıxardı. Ən əsası Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Belə ağır günlərdə xalq ayağa qalxaraq xilaskarını- Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu qayıdış Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi. Azərbaycan müasir müstəqil dövlət olaraq dünya birliyində layiqli yer tutdu, imzası imzalar arasında göründü. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası əhəmiyyətli rol oynadı. 1994-cü ildə imzalanan “Əsrin müqviləsi” ölkəmizin iqtisadi və siyasi müstəqilliyini təmin etdi. Bu reallıq öz təsdiqini tapdı ki, müstəqil iqtisadi siyasət həyata keçirən ölkə  siyasətində müstəqil ola bilər.”

Millət vəkili vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın müstəqil gələcəyi üçün mühüm addımlar atdı: “İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.”

Nurlan Həsənov böyük qürur hissi ilə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş torpaqlarımızda  dalğalanması  Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir: “Bu mühüm məqamı da qeyd edək ki, İstiqlal bəyannaməsi abidəsi dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. 2007-ci ildə   Bakı şəhərinin İstiqlaliyyət küçəsində  dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etdi. Dövlətimizin başçısının  Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.  Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olundu.”

Millət vəkili qeyd edib ki, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət etdi: “Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Artıq üç ildən çoxdur ki, tarixi Zəfərimizin sevincini yaşyırıq. Bu gün böyük qürur hisi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən, azad Qarabağımızın, Şərqi Zəngəzurumuzun dirçəlməsindən  danışırıq. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, müstəqilliyimizi daimi, əbədi edən Heydər Əliyev kimi Ümummilli Lideri, torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edən cənab İlham Əliyev kimi Prezidenti var. Müstəqillik tariximizin 106-cı ilini Zəfərimizin  fonunda qeyd edirik. Zəfərdən-zəfərə doğru irəliləyən Azərbaycan dünyanın diqqətindədir. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Bu baxımdan dövlətçilik tariximizdə  müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin  əldə edilməsi,  bərpası kimi tarixi günlərin  onların mahiyyəti və məzmununa uyğun daha dəqiq  ifadə olunması  böyük önəm kəsb etdi. Prezident  İlham Əliyevin  15 oktyabr 2021-ci il tarixdə  təsdiqlədiyi  “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının  Qanununda da 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi nəzərə alınaraq qərara alındı ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilsin. Artıq üçüncü  ildir ki, 28 May tarixini  Müstəqillik Günü kimi qeyd edirik.”