YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik ən böyük sərvətimizdir

“Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə  malik olan xalq kimi tanınır və nüfuz qazanıb.  1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdi. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoydu,  xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladı. Belə ki, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadı. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu.  Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi.  Qısa müddətdə  mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı: “Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın hansı faciələrlə, təhlükələrlə üz-üzə qaldığı yaddaşlardadı. O illər, həmçinin çoxəsrlik tariximizin faciəli səhifələri kimi daim vərəqlənir. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoydu. Belə olan vəziyyətdə ölkənin necə inkişaf edə biləcəyini düşünmək mümkün deyildi. Torpaqlarımız işğal edildi, ərazi bütövlüyümüz pozuldu, Ermənistandan 300 mindən çox azərbaycanlı,  Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovuldu, Şuşa və Laçın işğal altına düşdü. Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.  Xalq bu vəziyyəti dəyişdirəcək yeganə şəxsin məhz Ümummilli Lider Heydər Əliyev olduğunu dedi və ayağa qalxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli Liderin  şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.”

Millət vəkili vurğulayıb ki, Ulu Öndərin  müstəqilliyimizin əbədiliyini təmin etmək üçün  gördüyü işlərin miqyası ölçüyəgəlməzdir: “Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu bir daha göstərdi.”

Malik Həsənov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün  işğaldan azad olunmuş torpaqlarımızda,  Şuşada, Xankəndidə, Xocalıda  dalğalanması  Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir: “Müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin  tarixi paralellər əsasında  müqayisəli təhlili günümüzün əsas çağırışları sırasındadır. İndiki və gələcək nəsillərə müstəqillik yolumuzun heç də hamar olmadığı əsaslı şəkildə çatdırılır.  Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından belə danışmaq mümkün deyildi. Məhz buna görə  Ulu Öndərin  dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq Onun xilaskarlıq missiyası gəlir. Dahi şəxsiyyət Azərbaycanı yenidən qurdu,  müstəqil dövlət kimi tanıtdı.”

Millət vəkili qürurla bu məqamı da bildirib ki, artıq dördüncü ildir  bayramları, tarixi günləri Zəfər ruhunda qeyd edirik: “44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra, 2023-cü ilin sentyabrın 19-da Azərbayan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpası, hazırda Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsi, Şuşanın Azərbaycanın, türk dünyasının, bu il isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi, diplomatik mərkəz kimi diqqətdə olması, Azərbaycanın sülh gündəliyinin  müəllifi kimi böyük nüfuz qazanması, bir sözlə, ölkəmizin həyatında yeni dövrün  başlanması möhkəm təmələ əsaslanan siyasətin uğurlarıdır. Ümummilli Lider müstəqilliyimizin, Onun layiqli davamçısı  Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tariximizə qızıl hərflərlə yazdırdılar. Bu il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkiləri keçirildi. Dövlət başçısı İlham Əliyevin bayramları işğaldan azad edilmiş ərazilərimizdə qeyd etməsi hər birimizdə böyük qürur hissi yaradır. Ötən il 28 May-Müstəqillik Günündə ikiqat sevinc yaşadıq. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər və Laçın rayonlarında səfərdə oldu, həmçinin Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, onlara evlərin açarlarını təqdim etdi. Cənab İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.”

Malik Həsənov bildirib ki, müasir müstəqil, qalib Azərbaycan bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.