YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyinin tamam olur.  Bu tarixi gün  müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün  tam bərpası ilinə təsadüf edir. Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olaraq şərqdə ilk demokratik dövlət qurluşunu yaradaraq müstəqillik əzmini nümayiş etdirmişdir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi olaraq meydana çıxmışdır.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Nasib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxslinkinin və başqalarının böyük xidmətləri olmuş, bu görkəmli şəxslərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. O dövrdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, Avropanın demokratik dəyərləri ilə şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasında mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının və s. işlərin görülməsi Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Dünya ölkələrinin başçılarının 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunaraq aparılan bərpa işləri  regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonra da Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində  daha da güclənəcək, dünyada nüfuzunu durmadan artıracaq.