Xəbərlər
Tariximizin yeni inkişaf mərhələsi
“Çoxəsrlik tariximizin hər bir səhifəsi daim vərəqlənir, indiki və gələcək nəsillərə çatdırılması üçün mühüm addımlar atılır. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkili vurğulayıb ki, müstəqillik tariximizin Heydər Əliyev dövrü bugünümüzə və gələcəyimizə xidmət edən mühüm uğurlarla zəngindir: “1991-ci il 18 oktyabr tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olundu və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni bir mərhələnin əsasını qoydu. Adını tarixə müstəqilliyimizin xilaskarı kimi yazdıran Ümummilli Liderin gördüyü işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü, daxili münaqişələr ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı.”
Əliabbas Salahzadə qeyd edib ki, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır: “Prezident İlham Əliyevin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldı. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Təbii ki, atılan hər bir addım tariximizin öyrənilməsinə və təbliğinə xidmət edir. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki təbii ehtiyatlarımız, coğrafi mövqeyimiz imkan verirdi ki, onlardan səmərəli şəkildə istifadə edək. XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda, Bakıda təmin edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da bu günümüz üçün çox mühüm işlər görüldü.”
Millət vəkili bildirib ki, son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin, suverenliyinin daha da möhkəmləndirilməsini təmin edir: “Möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycan hazırda tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin “Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə də bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik” fikirləri müasir müstəqil Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyini şərtləndirən amillərin təqdimatıdır.”
Əliabbas Salahzadə qeyd edib ki, tarixi Zəfərimiz yeniliklərə yol açdı. Belə ki, Milli Məclis 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu önə çəkərək mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsini qərara aldı.
Millət vəkili vurğulayıb ki, hazırkı dövrdə əsas çağırışlardan biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır: “Artıq bu mərhələyə tam yaxınlaşmışıq. Sülh müqaviləsinin imzalanması ilə gələcək inkişafa, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə imkanlar yaranacaq. Bu isə öz növbəsində yeni-yeni hədəflərə yol açacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan çoxəsrlik dövlətçilik tarixində heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan qarşıdurma, rəqabət deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır.”
Əliabbas Salahzadə bildirib ki, Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin edən Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində ölkəmizə davamlı uğurlar qazandıran, müstəqillik tariximizin Zəfər səhifələrini zənginləşdirən Prezident İlham Əliyevin gələcəyimiz olan gənclərə əsas çağırışı tariximizin öyrənilməsi və təbliğidir. Bu fakt inkaredilməzdir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Azərbaycan xalqı hər zaman yenilməzliyini, məğrurluğunu, tarixinə sahib çıxan xalq olduğunu sübut edib və edir.