Xəbərlər
Dövlətimiz qürur mənbəyimizdir
Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri
Bu il Azərbaycan xalqı şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) aradılmasının 106-cı ildönümünü qeyd edir. 1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edərək şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış AXC xalqımızın şanlı dövlətçilik tarixini müstəsna dərəcədə zənginləşdirmişdir. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Əlbəttə ki, bu müstəqillik xalqımıza asan başa gəlməmişdir. Ulu Öndər Heydər Əliyev hər hansı bir xalqı onun müstəqilliyinə qovuşduracaq yolun Azərbaycan xalqı öz demokratik dövlətini qurana qədər dəhşətli faciələr yaşamalı olmuşdur. Məhz buna görə, 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə milli dövlətçiliyin bərpa olunması və Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması böyük tarixi əhəmiyyət kəsb edən məsələ idi. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Ümummilli Lider Heydər Əliyev Cümhuriyyətin yaradıcılarının fəaliyyətini yüksək qiymətlənsirərək belə demişdir: “Belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər.”
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək AXC-nin istiqlalını dünyaya yaydığı 28 May gününü Respublika günü olaraq hər il təntənə ilə qeyd edir. Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını, cümhuriyyətin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi də məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq 1998-ci ildə dövlət səviyyəsində geniş qeyd olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Əlbəttə ki, Azərbaycanın şanlı tarixindən danışarkən bu tarixin ən şərəfli Zəfər səhifələri də xüsusi qeyd olunmalıdır. 2020-ci ilin sentyabr-noyabr aylarında Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gün ərzində apardığı Vətən müharibəsində tarixi Qələbə qazanaraq ilk növbədə 30 illik erməni işğalına son qoydu. Müqəddəs bayrağımız Şuşada dalğalandı. Lakin Ermənistan II Qarabağ savaşının nəticələrindən dərs almadı. Tarixi Zəfərimizdən sonra keçən üç ildə ölkəmizə qarşı düşmənçilik siyasətini davam etdirdi, üçtərəfli Bəyanatın şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasından yayındı, sülh müqaviləsini imzalamaqdan boyun qaçırdı. Bütün bunlar Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, bölgədə konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da Azərbaycanı lokal xarakterli antiterror tədbirlərini həyata keçirmək məcburiyyəti qarşısında qoydu. Əməliyyatın başlamasından cəmi bir gün sonra, 20 sentyabr tarixində separatçıların təslim olması qalib ölkəmizin növbəti böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını bir daha nümayiş etdirdi. Bir günə təmin olunan qələbə Azərbaycan Ordusunun müstəqilliyimizə, suverenliyimizə yönələn hər bir təxribatın qarşısını qətiyyətlə almaq imkanında olduğunu bir daha sübut etdi.