Xəbərlər
Dostluq və qardaşlıq önəmli amildir
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatnın sədri
Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Ölkəmiz həm özünün milli maraqlarına müvafiq olaraq xüsusən Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini davamlı surətdə inkişaf etdirir. Bu mənada Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının istismara verilməsi tarixi hadisədir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan və İran arasında mövcud olan bu dostluğun dərin kökləri və tarixi vardır. Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar və bu gün məhz bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. “Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik”.
Artıq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi tamamlanıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Ümumilikdə su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan su-elektrik stansiyaları paritet əsasda Azərbaycan və İran dövlətinin maraqlarına xidmət edəcək. Bu vaxta qədər icra edilən regional layihələrlə yanaşı, qarşıdakı dövr ərzində də yeni transmilli layihələrin həyata keçirilməsində Azərbaycan kifayət qədər potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul olunur.
Azərbaycan regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilməkdədir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.