YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaşıl enerji siyasətinin növbəti nümunəsi

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan-İran münasibətlərinin dərin tarixi kökləri var. Xalqlarımız əsrlər boyu bərabər yaşayıblar. İqtisadi, ticari, elmi, mədəni əlaqələr Azərbaycan və İran xalqlarını tarix boyu birləşdirib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - İran 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf mərhələsinə adladıb. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev bu ölkənin dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi və digər rəsmi şəxslərlə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.

Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi iki ölkə prezidentlərinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır.

Azərbaycan ilə İran arasında 765 kilometr sərhəd var ki, bu da qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Bu mənada nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri digər dövlətlərə nümunə ola bilər. Mayın 19-da ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşdülər. Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər ölkələrimiz arasında üst-üstə düşür. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi isə onu göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür.  Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin  nümunəsi  olacaqdır.

Bu layihə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaqdır. “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcəkdir. Eyni zamanda, stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcəkdir. 

Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi bir daha göstərdi ki, İran-Azərbaycan əlaqələri qarşılıqlı etimada, hörmətə və münasibətlərin səmimi xarakter daşımasına söykənir. Bütün bunlar iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir. Ən nəhayət isə əsrlər boyu böyük dövlətlərin kəsişən maraqları nəticəsində müharibələrin, münaqişələrin, gərginliklərin yaşandığı bu bölgənin artıq sabitliyin, əmin-amanlığın, dostluq və əməkdaşlıq mühitinin hökm sürdüyü çiçəklənən, inkişaf edən regiona çevrilməsi üçün çox gözəl şərait yetişib.