Xəbərlər
Sülhə xidmət edən dostluq
Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri
May ayının 19-da İranla sərhəddə, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi İran-Azərbaycan dostluğunun növbəti təzahürü oldu. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan və İran arasında mövcud olan bu dostluğun dərin kökləri və tarixi vardır. Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar və bu gün məhz bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Həm beynəlxalq məsələlərlə əlaqədar, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür və bu, bölgənin sabitliyi üçün çox önəmli bir amildir.
Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin zəruriliyi barədə səsləndirdiyi fikirlər Cənubi Qafqazda gedən sülh və quruculuq proseslərini pozmağa çalışan, dünyadakı məlum qüvvələrə növbəti mesaj kimi qiymətləndirilməlidir. Bu gün həm İranın, həm də Azərbaycanın regional təhlükəsizlik məsələləri ilə bağlı ortaq mövqeləri var. Prezident İlham Əliyev İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün önəmli amil olduğunu xüsusi vurğuladı. Bütün mövcud yaradıcı planları həyata keçirmək üçün indi də, gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır. Əlbəttə ki, regional sabitliyin uzun müddətə bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vacib şərtdir. Bu gün Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi üzrə gedən proses də bu məqsədə xidmət edir. Öz növbəsində İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir.
Prezident İlham Əliyev bir daha hamının diqqətinə çatdırdı ki, uzun fasilədən sonra bu gün Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa çox yaxındırlar. Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır. Azərbaycan bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurur. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, ilk növbədə əlbəttə ki, məhz regionda yerləşən ölkələrin, bu ölkələrdə yaşayan xalqların maraqlarını nəzərə almalıdırlar.