YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmimi dostluq, qarşılıqlı etimad

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Belarus və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Qeyd edilməlidir ki, Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqe və Azərbaycanın və Belarusun təmsil olunmadığı beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləmələridir. iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlməsi və imzalanan səndələrin keçirilən görüşlərin əhatə dairəsi göstərir ki, bu əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir.

Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri keçirilmiş, mərasimin sonunda isə mətbuata Bəayanatla çıxış etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanla Belarus münasibətlərinin əsasında duran qarşılıqlı etimad, bərabərlik və dostluq gələcəkdə daha da genişlənəcək və buna hər cür imkan vardır.

Eyni zamanda hər iki ölkənin mövcud potensialından qarşılıqlı faydalanmaq da diqqət çəkən məqamlardan biridir. Ölkəmizin başçısı demişdir: “Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu.”

Regionumuzda və MDB məkanında təhlükəsizliklə bağlı məsələlərin müzakirə edildiyini diqqətə çatdıran ölkə başçısı bildirib ki, “Dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi apardıq. Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla.”

Hər iki dövlət başçısının bəyanatlarından görünür ki, bu gün Azərbaycan və Belarus respublikaları münasibətlərini inkişaf etdirən və qarşılıqlı əməkdaşlıqlarını genişləndirən zaman öz milli maraqlarından çıxış etməklə yanaşı, qarşılıqlı şəkildə biri-birlərinin də maraqlarına böyük həssaslıqla yanaşırlar ki, bu da müasir beynəlxalq münasibətlər sistemindənadir müşahidə olunan nümunələrdən biridir.