YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr genişlənir

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Beynəlxalq aləmə inteqrasiyası getdikcə dərinləşən, dünya birliyinin layiqli üzvünə çevrilən Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanın inkişaf etmiş ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığı genişlənir. Respublikamızda həyata keçirilən qlobal enerji layihələri, eləcə də ölkəmizin beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzinə çevrilməsi bu prosesi daha da sürətləndirir. Tarixi zəfəri ilə regionda yeni reallıqlar yaratmış Azərbaycan yeni bir tarixi dönəmin qapılarını açır. Bu mərhələ Azərbaycan hüdudlarından çox geniş miqyası əhatə edir. Ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Hazırda Avropa və dünya ölkələrinin Azərbaycana marağı günü-gündən artır. İqtisadi sahədə əldə olunmuş yüksək göstəricilər, enerji layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş ən nüfuzlu dövlətləri üçün etibarlı tərəfdaşa çevirib. Bunun nəticəsidir ki, artıq Cənubi Qafqaz regionunun ən sabit və davamlı inkişaf edən bir ölkəsi kimi tanınan Azərbaycanla hərtərəfli əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyə xüsusi maraq göstərən dövlətlərin sırası genişlənib.

Son illər Azərbaycanın postsovet məkanına daxil olan dost ölkələrlə də əlaqələrinin səviyyəsi uğurla inkişaf edir. Bu baxımdan Azərbaycanın Belarusla mövcud əməkdaşlıq əlaqələri diqqəti daha çox çəkir.  Respublikamızla adı çəkilən ölkə arasında mədəniyyət və humanitar sahələrlə yanaşı, ticarət və iqtisadi əməkdaşlıq istiqamətində də ildən-ilə irəliləyişlər nəzərə çarpır. 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri çərçivəsində bu ölkənin nümayəndə heyəti ilə Azərbaycan rəsmilərinin görüşləri də səmərəliliyi ilə diqqət çəkib, həlli vacib olan bir sıra məsələlər geniş müzakirə olunub.  Qarşılıqlı fəaliyyətin perspektivləri barədə söhbət açılarkən böyük potensiala malik əmtəə dövriyyəsinin artırılması, sənaye kooperasiyası və kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi zəruriliyi xüsusi vurğulanıb. Azərbaycanın azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin fəal  iştirakı arzulanıb. Cənab Prezident: “Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.”-deyə, bildirib. 

İki ölkə arasında geniş əməkdaşlıq əlaqələri var. 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində Belarusun kənd təsərrüfatının bütün sahələrini təmsil edən 42 şirkətin iştirakı da bunun bariz ifadəsidir. 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri  zamanı imzalanan mühüm sənədlərin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcəkdir. Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri barədə danışan Prezident İlham Əliyev geniş tərkibdəki görüşdə deyib: “Bir çox məsələlər – ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür”.

Daha sonra sözlərinə əlavə edərək dövlətimizin başçısı qeyd edib ki, qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasında, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, əlaqələrin inkişafının əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaqdır.