Xəbərlər
“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”

Şuşa rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının və Şuşa rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 101 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru Kəmalə Səfərova, Şuşa rayon Təhsil Sektorunun müdiri Rəsmiyyə Məmmədova və Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlar təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyevin çıxışlarında vurğulanıb ki, görkəmli siyasət və dövlət xadimi kimi Ulu Öndər Heydər Əliyevin bütün dünyada nüfuzlu şəxsiyyət olaraq tanınıb. Vurğulanıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderin adı ilə bağlıdır. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə əlaqədardır. Ümummilli Lider Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ulu Öndər Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan hərtərəfli inkişaf yolundadır.
Tədbirdə həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Şahmat, Mini-futbol, “Ən yaxşı təqdimat” müsabiqəsində yer tutmuş şagirdlər və onların müəllimləri diplom və hədiyyələrlə təltif olunub. Bir qrup partiya fəalına təşəkkürnamələr, partiya sıralarına yeni qoşulmuş gənclərə isə vəsiqələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.