Xəbərlər
YAP Quba rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirib
Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, ərazi partiya təşkilat sədrləri Habil Bayramlı və Mehparə Rüstəmovanın çıxışlarında həyatını vətəninə, xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini quraraq dövlətimizin gələcək inkişafının hərtərəfli sağlam təməlini qoyub. Qeyd olunub ki, Ümummilli Lider xalqımızı vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasının da banisidir. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli dövrünü yaşayır və Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı fəxri fərmanlarla təltif edilib. Partiya sıralarına yeni qəbul olanlara isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himnin səsləndirilməsi ilə başa çatıb.