YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşığı, nuru, ümidi bizə Ulu Öndər Heydər Əliyev qaytardı

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın bu günündən dünəninə nəzər saldıqda lider amilinin hər bir ölkənin həyatında oynadığı böyük və əhəmiyyətli rol özünü aydın şəkildə nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.   Ulu Öndər Heydər Əliyev məhz  zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı yenidən qurdu. Müstəqiliyimizin bərpasının ilk illərində ölkəyə idarəçilik təcrübəsi olmayan, səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi Azərbycanı böyük faciələrlə üz-üzə qoymuşdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran hökm sürürdü. Digər tərəfdən də Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına gətirib çıxarmışdı. Belə bir çətin vəziyyətdə xalq öz xilaskarını axtardı.

Bu mühüm məqamı da qeyd etməliyik ki, hər bir ölkənin taleyində dönüş nöqtələri olur. 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılması belə dönüş nöqtələrindən biridir. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən  91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində geniş şəkildə qeyd edilmişdir. Ölkədə hər bir sahənin ağır vəziyyətdə olduğunu açıqlayan həmin müraciətdə bu məqam xüsusi qeyd edilmişdir ki, Azərbaycanda “sürətli artım” ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sahəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada  ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür. Siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında  müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Həmin müraciətdə belə bir inam da ifadə edilmişdir ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasının bünövrəsini  Sizin kimi  güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi  yetkinlik məktəbi olar. Ümummilli Lider Heydər Əliyevin “91-lər”in müraciətinə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında da yeni yaranacaq partiyanın gələcəyinə böyük inam ifadə edilmişdir. Ulu Öndər bildirmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

21 noyabr 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Partiya yaranmasından 7 ay sonra Ümummilli Lider Heydər Əliyevin xalqın  təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının bugünkü reallıqlarının əsası oldu. YAP iqtidar partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmiz inkişaf, tərəqqi yoluna çıxdı. Çoxəsrlik tariximizin Heydər Əliyev dövrü Azərbaycanın bu günü və gələcəyi üçün yaradılan möhkəm təməl ilə xarakterizə edilir.    Azərbaycanı zirvələrə aparan siyasətin müəllifi kimi zamana sığmayan xidmətləri daim geniş təhlil edilir, indiki və gələcək nəsillərə çatdırılır.  gördüyü işlər ölkə və dünya ictimaiyyətinə çatdırılır.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qarşıya qoyduğu əsas hədəflərdən biri müstəqilliyimizin və suverenlyimizin daimiliyinin təmin edilməsi üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi oldu. O, dünya azərbaycanlılarının təşkilatlanması, onların bir Vətən-müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə mühüm qərarlar qəbul etmişdir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar dahi şəxsiyyətin fəaliyyətinin Naxçıvan mərhələsində qəbul edilmişdir. Belə ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar  bu günü bayram kimi qeyd edir.

Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrildi. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz dahi şəxsiyyət Heydər Əliyev yaratdı.

Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran dahi şəxsiyyət  Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Ulu Öndərin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.

Hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi qərarlarla, həyata keçirdiyi quruculuq tədbirləri ilə, ən əsası gələcəkdə ölkəmizin  müstəqilliyə qovuşacağını nəzərə alaraq atdığı digər məqsədyönlü addımları ilə özünün Ümummili Lider obrazını yaratmış, tarix isə dahi şəxsiyyətin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Ulu Öndər Heydər Əliyev  hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə  Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində mühüm addımlar atıldı. Ümummilli Lider sabitliyi və iqtisadi tərəqqini hər bir ölkənin dayanıqlı inkişafında vacib faktor kimi önə çəkdi. Bildirmişdir ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihədən söhbət gedə bilməz. Eyni zamanda, bu mühüm çağırışı da etmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ulu Öndərin iqtisadiyyatın inkişaf etdirilməsində neft amilinə verdiyi önəm Onun uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan xalqının ən böyük arzularından biri təbii sərvətlərinin əsil sahibinə çevrilmək idi. Ümummilli Lider xalqımıza bu sevinci yaşatdı. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın nüfuzu daha da artdı, iqtisadi mövqeyi möhkəmləndi. Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni neft erası başlandı.

“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Bu saziş  Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.

Onu da qeyd edək ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər və hazırlanan Dövlət Proqramları da  bilavasitə Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün konkret addımlar atıldı. 2001-2002-ci illər ərzində Ulu Öndər imzaladığı üç Fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmişdir. 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri üçün kompensasiya 120 dəfə artırılmışdır.

Bütün bunların hamısı Azərbaycanın iqtisadi imkanlarına əsaslandı. Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin istifadəsində şəffaflığın qorunmasını təmin edir. Ümummilli Lider  Heydər Əliyev bildirmişdir:  “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur.” Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir.

Ulu Öndər Heydər Əliyevin gördüyü işlərin miqyası olduqca genişdir. Onlardan aylarla, illərlə bəhs edə bilərik. Dahi şəxsiyyətin fəaliyyətinə həsr edilən neçə-neçə kitablar çap olunub, elmi məqalələr yazılıb. Onun fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusudur.

Son 20 ildən artıq dövrdə onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi şah əsəri olan müasir müstəqil Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində  cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işlərin, planların Onun axıra çatdıra biləcəyinə əminliyini ifadə etdi. Təbii ki, əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı idi.   Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 20 ilin hesabatını oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaldaraq verdi. Xankəndidən xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, verilən vədlər, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirildi. Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Günəş kimi dünyaya doğan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin Zəfər səhifəsini yazdı. 2024-cü il “Heydər Əliyev ili”ndə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, bununla da ölkəmizin həyatında yeni dövr başladı. Azad  Qarabağ, Şərqi Zəngəzur dirçəlir. Soydaşlarımızın qayıdış ünvanları biri-birini əvəzləyir.

Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, dünya birliyində yeri və rolunun artmasına davamlı töhfələri ilə diqqətdə olan, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olan Heydər Əliyev Fondunun yaranmasının 20 ili tamam olur. 20 ildə böyük yol qət edən Fondun həyata keçirdiyi  layihələrin hər biri Azərbaycanın bugününə və gələcəyinə hesablanıb. Fond dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin, Heydər Əliyev irsinin təbliği istiqamətində atdığı addımları ilə diqqətdədir. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Ümummilli Liderin xidmətlərini belə səciyyələndirir. Müstəqilliyimizin ilk illərində hökm sürən ağır böhrana diqqəti yönəldən Mehriban xanım Əliyeva bildirir ki, sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə də ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. Uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu.

Bu gün qürurla qeyd edirik ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin qayıdışı ilə başlanan inkişaf yolu Azərbaycanı daim möhtəşəm uğurlara, Zəfərlərə doğru aparır.