YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Milli dövlətin yaranmasında və inkişafında, milli birliyin və maraqların təmin edilməsində liderin rolu əvəzsizdir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlətlər kimi, dövlət başçıları da çoxdur. Heç də hər birinə siyasi lider olmaq nəsib olmur. Siyasi liderliyin mahiyyəti özündə əsas məqamları ehtiva edir. Belə ki, siyasi liderliyin ilkin şərti dövlətin milli maraqlarına cavab verən inkişaf yolunu müəyyən etmək, xalqını  yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə  aparan siyasəti təmin etməkdir.     Müstəqillik tariximizin ayrı-ayrı dövrlərini  tarixi paralellər əsasında müqayisəli təhlil etdikdə Liderin ölkənin həyatında əhəmiyyətli rolunu daha aydın şəkildə görürük.  Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın hansı problemlərlə, faciələrlə üz-üzə qaldığı tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, dövlətin deyil, öz şəxsi maraqlarını öndə saxlamaları  Azərbaycanı  böyük bir uçuruma gətirib çıxardı. Həmin dövr, eyni zamanda, torpaqlarımızın işğalı ilə xarakterizə edilir. Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarıının müdafiəsinə xidmət etməsi  ərazilərimizin işğalına səbəb oldu. Belə bir ağır günlərdə xalq öz xilaskarına – Ulu Öndər Heydər Əliyevə üz tutdu. Xalqının, ölkəsinin taleyinə biganə qalmayan Ümummilli Lider   hakimiyyətə qayıdışı ilə yeni bir Azərbaycan qurdu.

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən xilaskarlıq missiyası ilə yanaşı, milli birliyin təmin edilməsi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri də xüsusi olaraq vurğulanır. Bu birlik, aszərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə, fəaliyyətinin Naxçıvan mərhələsində xüsusilə diqqətdə olub. Bu fikir daim önə çəkilir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli  Liderin missiyası  yalnız Azərbaycan dövlətinin  dayaqlarının möhkəmlndirilməsi,  müstəqilliyin qorunması və inkişaf etdirilməsi kimi şərəfli vəzifəni yerinə yetirməklə bitmədi. Dahi şəxsiyyət, eyni zamanda,  xalqımızı bir amal, məqsəd və məram uğrunda  səfərbər edən  azərbaycançılıq ideologiyasını yaratdı.

Qeyd edək ki, milli birliyin təmin edilməsi yönümündə mühüm addım Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən  atılmışdı. Belə ki,   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Lider ilk olaraq belə bir çağırışı səsləndirdi ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidirlər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək üçün həmin ölkələrdə Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Buna nail olduqdan sonra isə Ümummilli Lider bi birliyin, həmrəyliyin vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Onun təşəbbüsü və Sərəncamı əsasında 2001-ci ilin 9-10 noyabr tarixlərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda çıxış edən Ümummilli Lider Heydər Əliyev “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq  aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada  yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli -mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri  dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək və hər bir insanın  inkişafının təmin olunması deməkdir” söyləyərək bu çağırışı da etmişdir ki, müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət  aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində  bir çox çətinliklərlə rastlaşmağımıza baxmayaraq  öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq.

Dünya Azərbaycanlılarının  I Qurultayı soydaşlarımızın birliyində əhəmiyyətli rol oynamaqla yanaşı, onların qarşısında həqiqətlərimizin, ən əsası hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsini qoydu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşməsin, eyni zamanda, səfər çərçivəsində aparılan danışıqlarda Qarabağ münaqişəsi diqqətdə olmasın.  Ulu Öndər Heydər Əliyev dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq oldu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”in tətbiqi də  bunun bariz nümunəsi idi. Azərbaycanın real faktlara, tarixi həqiqətlərə söykənən siyasəti  nəticəsində erməni yalanlarını ifşa edilməyə başladı.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti uğurlu nəticələri ilə diqqətdədir. Baxmayaraq ki, ölkəmizə qarşı ikili standartlara əsaslanan siyasət həyata keçirilir, heç zaman bu yanaşmalar  dövlətimizi, xalqımızı ruhdan salmır, əksinə daha böyük  səylər göstərilir.  Həqiqətlərimizin təbliğində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Bu məqamı da xüsusi qeyd etməliyik ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Liderin mühüm addımları sırasında Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi oldu. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, dəyərlərinin təbliği də həyata keçirilirdi. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi əsas hədəflər sırasında idi.

Təbliğat işinin yüksək səviyyədə qurulması, Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin uğurlu xarici siyasəti nəticəsində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Məhz diplomatik uğurlarımız 44 günlük İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı.

2003-cü ildən bugünədək Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsini qarşıya əsas hədəf kimi qoymaqla yanaşı, bu istiqamətdə mühüm addımlar atır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyimizin təqdimatı oldu. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər.

Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu birliyimizə xüsusi diqqət göstərir. Tarixi Zəfərimizin reallıqları fonunda Qarabağın tacı Şuşa dünya azərbaycanlılarını bir araya gətirərək V Qurultaya- Zəfər Qurultayına ev sahibliyi etdi.  Dövlət başçısı İlham Əliyev Qurultaydakı çıxışında böyük qürur hissi ilə bildirmişdir: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.” Cənab İlham Əliyev onu da qeyd etmişdir ki, 2001-ci ildə keçirilmiş ilk qurultayda Ulu Öndər dərin məzmunlu çıxışında  Qarabağ problemi ilə bağlı  fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır: “Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.”

Azərbaycan həqiqətlərinin, tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. May ayının 10-da yaranmasının 20 illiyini qeyd edəcək Heydər Əliyev Fondunun ötən dövr ərzində tariximizin, həqiqətlərimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə göstərdiyi diqqət  çoxsaylı layihələrində, keçirdiyi tədbirlərdə, çap olunan vəsaitlərdə və onların beynəlxalq ictimaiyyətə  çatdırılmasında aydın ifadəsini tapır. Fondun  Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunub, inkişaf və təbliğ olunması istiqamətində apardığı tarixi xidmətlər sırasında   Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya xalqlarına çatdırılması üçün göstərdiyi səylər təqdirəlayiqdir. Heydər Əliyev Fondunun xətti ilə müxtəlif dövlətlərdə təşkil olunan dinləmələr, keçirilən aksiyalar, münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlıların haqq səsinin, tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində də Heydər Əliyev Fondunun xidmətləri böyükdür.

Bu gün Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.