YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla da Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək yenidən milli azadlığına, dövlət müstəqilliyinə nail oldu. Azərbaycan xalqı  müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu məhz 1991-1993-cü illərin hadisələrinin fonunda daha aydın şəkildə gördü.  Çünki bu illərin iqtidarının yarıtmaz siyasəti, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından daxili çəkişmələr, vətəndaş müharibəsi,  xaos, anarxiya baş alıb getdi,  torpaqlarımız işğal edildi. Bu hallar ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və   müstəqilliyini itirmək təhlükəsini yaşamasına gətirib  çıxarırdı. Xalq ayağa qalxaraq öz xilaskarına- Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ümummilli Lider Heydər Əliyev  xalqın təkidli tələbi  ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi.  İyulun 24-də isə Milli Məclisin qərarı ilə Prezident səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev Prezident seçildi.  Əgər Ulu Öndər  Heydər Əliyev o çətin gündə  Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Məhz Ümummilli Lider  Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü,  düşünülmüş və gələcəyə hesablanmış siyasəti  nəticəsində Azərbaycan  ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Ulu Öndərin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ulu Öndər  Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.

Ümummilli Lider Heydər Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq olmaz. Atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu.  

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu. Yeni iqtisadi inkişaf mərhələsinin təcəssümü olaraq  “Əsrin müqaviləsi”nin imzalanmasını qeyd edə bilərik.  Ümummilli Lider “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı.  Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.

2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqa müraciəti dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin davamı oldu. Belə ki, bu müraciət Azərbaycanın bugünkü inkişafının başlanğıcı oldu. Ulu Öndər həmin müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi. Son 20 ildən artıq dövrün uğurları göz qabağındadır. Cənab İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək Onun görmək istədiyi Azərbaycanı qurdu. Bu gün Azərbaycanın dünyaya səs salan Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından bəhs edirik.   Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində Kəlbəcər, Ağdam və Laçın bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verildi.  Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Soydaşlarımız mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdırlar.   Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişdi və region ölkələrinin inkişafı üçün yeni imkanlar açıldı. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bütün bunların hamısı Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili fonunda böyük inamla qeyd etdi ki, 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi.

Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. 15 oktyabr 2023-cü il tarixi bir gündür. Belə ki, ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi və suverenliyimiz tam bərpa olundu. 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev  Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı. Bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib. Soydaşlarımızın qayıdış ünvanlarının sayı artır.

Azərbaycanın uğurlarında bu il yaradılmasının 20 ili tamam olan Heydər Əliyev Fondunun xidmətləri böyükdür.  Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr tarixi şəxsiyyət Heydər Əliyevin  gələcək nəslə ərmağan olan irsinin, siyasi fəaliyyətinin əbədi yaşamasını təmin etməklə tariximizin, milli- mənəvi dəyərlərimizin, mədəniyyətimizin  təbliğində də misilsiz rola malikdir. Şərqlə Qərb arasında sivilizasiyalararası körpü, dialoq mərkəzi olan Azərbaycan mədəniyyət və incəsənətinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rəhbərlik  etdiyi qurumun xeyriyyəçilik, humanistlik missiyası çoxşaxəli və davamlıdır. Hazırda  Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrin bərpası işini yüksək səviyyədə həyata keçirir. Eyni zamanda, Fondun təşkilatçılığı ilə bu torpaqlarda keçirilən tədbirlər tarixi Zəfərimizin yaratdığı reallıqların dünyaya təqdimatında öz sözünü deyir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ölkəmizdə və onun hüdudlarından kənarda yüksək dəyərləndirilir.

Heydər Əliyev siyasəti bundan sonra da yeni dövrə qədəm qoyan qalib Azərbaycana davamlı uğurlar qazandıracaq. Ümummilli Lider Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” çağırışı dünənimizin, bugünümüzün və gələcəyimizin aydın təsəvvürünü yaradır.