Xəbərlər
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar şahmat turniri keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı, Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi, Qazax - Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirilib.
Tədbirin əvvəlində iştirakçılar müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər çiçək dəstələri düzüb və Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri Qazax – Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Nizami Hüseynov açaraq tədbirin məqsəd və mahiyyəti barədə ətraflı məlumat verib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizdə idmana və gənclərə göstərilən diqqət, qayğıdan da geniş bəhs edib.
Rayon təşkilatının sədri Azərbaycanda zəngin tarixə malik olan şahmat idman növünün ötən əsrin 70-ci illərindən bəri inkişaf etdiyini, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi bu idman növünə də xüsusi diqqət yetirildiyini bildirib. Natiq qeyd etdi ki, Ulu Öndər daim gənc şahmatçılara xüsusi diqqət yetirmiş, şahmatçılarımızı qəbul edərək onların inkişafı üçün mühüm tapşırıqlarını vermiş və bu sahəni həmişə diqqət mərkəzində saxlamışdır: “İndi həmin uşaqlar dünyanın sayılıb - seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, Azərbaycanın hər yerində şahmat məktəblərinin açılmasında, yeni - yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb. Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana, şahmata olan yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.”
Qeyd edək ki, 182 şahmatçının iştirak etdiyi turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci, və 3-cü yerləri tutan şahmatçılara diplomlar təqdim edilib.