Xəbərlər
Musa Quliyev: Xalqın həyat səviyyəsinin yüksəldilməsi dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən biridir
«Ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Azərbaycanda sosial siyasətin inkişafı yüksələn xətt üzrə getməsi artıq təkzibolunmaz reallıqdır». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, ölkədə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritetli sahəsi kimi diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin daha da yüksəldilməsi dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.
«Ümumiyyətlə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Bu istiqamətdə də zəruri addımların atılması göz önündədir. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin siyasətində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış sə-viyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir»- deyə, M.Quliyev vurğulayıb.