Partiya xəbərləri
YAP Gənclər Birliyinin nümayəndə heyəti Ankarada bir sıra görüşlər keçiriblər
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Səfər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Təşkilatının dəvəti ilə reallaşıb. Nümayəndə heyətinə YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, partiyanın Xocalı şəhər GB-nin sədri Aynur Abışova, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Babək Məmmədzadə, YAP Gənclər Birliyi Ofisinin koordintorları Fərid Nəsibov, Ümid Abuzərli və Aytən Hüseynova daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri bir sıra görüşlər keçiriblər. Belə ki, YAP Gənclər Birliyinin nümayəndələri Türkiyənin Həmkarlar İttifaqının baş katibi Osman Yıldiz ilə görüşmüşlər. Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılmış, təkliflər verilmişdir.
Sonra YAP Gənclər Birliyinin nümayəndələri AKP-nin Ankarada yerləşən mənzil qərargahında onların iş şəraiti ilə yaxından tanış olmuşlar. Eyni zamanda TBMM-in AKP-dən olan millət vəkilləri və AKP Qadınlar Şurasının sədr müavinləri ilə görüş keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşmüşlər. Türkiyənin və Azərbaycanın qardaş dövlət olmasını vurğulayan Mövlüd Çavuşoğlu münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd etmiş, gənclərin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Daha sonra AKP Gənclər Təşkilatının sədri Abdurrahman Boynukalın YAP Gənclər Birliyinin nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət vermişdir.