Xəbərlər
YAP Xətai rayon təşkilatının A.Novruzov 28 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib
Aprelin 22-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Araz Novruzov 28 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə şanlı Qələbəmizdən ötən üç ildən artıq dövrdə Azərbaycan tarixinin Zəfər səhifələrinin daha da zənginləşməsindən böyük qürur hissi ilə bəhs edib. Bildirib ki, dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin liderliyi, ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyaraq haqqın, ədalətin zəfər çaldığını sübut etdi. Son üç ildə Zəfərdən Zəfərə doğru addımlar atılır, dünya Azərbaycanın hansı imkanlara malik olduğunun bir daha şahidinə çevrilir. Bu günlərdə Qazax rayonunun 4 kəndinin müharibəsiz işğaldan azad edilməsi dövlət başçısı İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Möhkəm təmələ əsaslanan siyasət daim uğurlara yol açır. Azərbaycan nəinki 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə qazandığı zəfərlərlə kifayətlənməyərək daha da inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında müasir dövrün reallıqlarına uyğun olaraq bu çağırışı səsləndirdi ki, gələcək haqqında düşünməliyik. Zamanı qabaqlamalıyıq. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqilliyimiz əbədi və dönməz olsun, Azərbaycanın qüdrəti, təsir imkanlarımız artsın və daim xalqımız təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Vüqar Rəhimzadə bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda ölkəmizin iqtisadi imkanlarından da danışıb. Bildirib ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadi müstəqilliyini günbəgün möhkəmləndirməsi siyasi mövqeyinə öz müsbət təsirini göstərir. Bu gün Azərbaycanın böyük investisiyalar məkanı kimi diqqətdə olması həyata keçirilən təkmil islahatların nəticəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər Azərbaycanın iqtisadi imkanlarını nümayiş etdirir.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında qəbul edilən yeni Proqramından irəli gələn vəzifələrin uğurlu icrası istiqamətində atdığı addımlardan, partiyanın sıralarının günbəgün genişlənməsindən, monolitliyini qorumasından bəhs edib. Vurğulayıb ki, hazırda hər bir rayon təşkilatı yeni Proqramda əksini tapan çağırışların həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərir. Dünənin, bu günün və gələcəyin partiyası kimi cəmiyyətdə yeri və rolunu möhkəmləndirən, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyası daim ölkəmizin qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına, xalqımızın yüksək rifah şəraitində yaşamasına səy göstərir.
Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın Zəfərlərindən bəhs ediblər.
Sonra təşkilatı məsələyə baxılıb. Elmir Novruzov YAP Xətai rayon təşkilatının A.Novruzov 28 ünvanı üzrə ərazi partiya təşkilatın sədri, Eynulla Namazov sədr müavini seçiliblər.